Şirvanda Xocalı soyqırımı qurbanlarının xatirəsi yad edilib - Fotolar

sirvanda-xocali-soyqirimi-qurbanlarinin-xatiresi-yad-edilib
Oxunma sayı: 895

Fevralın 26-da Şirvan şəhər Gənclər Evində Xocalı soyqırımının 28-ci ildönümü ilə əlaqədar Şirvan şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasovun, Şura üzvlərinin, şəhər İcra Hakimiyyətin məsul işçilərinin, hüquq-mühafizə orqanları rəhbərlərinin, ictimai-siyasi qurumların və şəhər ictimaiyyəti nümayəndələrinin iştirakı ilə ümumşəhər tədbiri keçirilib.

“Qafqazinfo”nun məlumatına görə, tədbir iştirakçıları öncə Xocalı soyqırımı qurbanlarının xatirəsini yad etmək məqsədi ilə Şəhidlər Xiyabanını ziyarət edib. Sonra Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın “Xocalıya ədalət” beynəlxalq maarifləndirmə kampaniyası çərçivəsində Məhəmməd Füzuli adına Şirvan şəhər Parkında Xocalı soyqırımı qurbanlarının xatirəsinə 613 ağacın əkilməsi aksiyası keçirilib.

İcra Hakimiyyətinin başçısı İlqar Abbasov anım tədbirində çıxış edərək Azərbaycan xalqının qan yaddaşı olan Xocalı faciəsi, ermənilərin zaman-zaman xalqımıza qarşı törətdikləri vəhşiliklər barədə ətraflı məlumat verib. İlqar Abbasov qeyd edib ki, Ermənilərin dinc əhaliyə qarşı törətdikləri soyqırım zamanı xocalılar əsl qəhrəmanlıq nümunəsi göstəriblər. Bu şəhərin ölməzlik tarixini yazıblar. Xocalı soyqırımına əsl siyasi-hüquqi qiyməti isə 1994-cü ilin fevralında  Azərbaycan  xalqının ümummilli lideri Heydər Əliyev verib. Həmin ildən başlayaraq ölkəmizdə hər il 26 fevral-Xocalı soyqırımı günü kimi qeyd edilir, saat 17oo-da Xocalı şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilir.

Ümummilli lider Heydər Əliyevin siyasi kursunu  uğurla davam etdirən Prezident İlham Əliyevin fəaliyyətinin əsas istiqamətləri Azərbaycan xalqının və ümumən insanlığın əleyhinə yönəldilmiş bu son dərəcə ağır hərbi cinayətin beynəlxalq miqyasda öz hüquqi-siyasi qiymətini almasına xidmət edir. Birinci vitse-prezident Mehriban Əliyeva və Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın rəhbərliyi ilə “Xocalıya ədalət” layihəsi çərçivəsində Xocalı soyqırımının, ermənilərin törətdikləri digər vəhşiliklərin dünya ictimaiyyəti tərəfindən tanınması, hüquqi-siyasi qiymətini alması üçün kompleks tədbirlər həyata keçirilir. 

Anım tədbirində Xocalı hadisələrinin canlı şahidi, Şirvan şəhərində məskunlaşmış Arif Əizizov, Azərbaycan Respublikasının Gənclər Fondunun şöbə müdiri Ramil Məmmədov və digər çıxış edənlər insanlıq sifətini itirmiş ermənilər tərəfindən törədilmiş bu faciənin təkcə azərbaycanlılara qarşı deyil, həm də bütün bəşəriyyətə qarşı yönəlmiş qanlı cinayət olduğunu, törədilmiş bu son dərəcə ağır hərbi cinayətin xalqımız tərəfindən heç vaxt unudulmayacağı qeyd ediblər.

Sonda Xocalı faciəsi, ermənilərin zaman-zaman xalqımıza qarşı törətdikləri vəhşiliklərdən bəhs edən Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə litvalı rejissor Andreas Brokas tərəfindən hazırlanmış “Sonsuz dəhliz” sənədli filmi nümayiş olunub.