Şirvanda xüsusi karantin rejimi ilə bağlı tədbirlər görülüb - Fotolar

sirvanda-xususi-karantin-rejimi-ile-bagli-tedbirler-gorulub
Oxunma sayı: 1602

Xüsusi karantin rejiminin tələblərinə uyğun olaraq Şirvan şəhəri ərazisində əhalinin sıx toplaşdığı ərazilərə, park və xiyabanlara giriş məhdudlaşdırılıb, şəhərin bütün park və xiyabanlarında sakinlərin əyləşməsi üçün nəzərdə tutulan oturacaqlar yığışdırılıb.

“Qafqazinfo” xəbər verir ki, Nazirlər Kabineti yanında Operativ Qərərgahın qərarına müvafiq olaraq polis əməkdaşları tərəfindən şəhərin giriş-çıxış hissələrinə postlar qurulub, təcili-tibbi yardım, qəza-bərpa, xilasedici, kənd təsərrüfatı, sosial xidmət məqsədli avtomobillərin və yük maşınlarının hərəkəti istisna olmaqla nəqliyyatın hərəkəti məhdudlaşdırılıb.

Əhali arasında fərdi izahetmə-xəbərdarlıq işlərinin aparılması məqsədi ilə Şirvan şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasovun iştirakı ilə mobil qruplar tərəfindən şəhərin müxtəlif ünvanlarında, park və xiyabanlarda, yaşayış binalarının qarşısında, eyni zamanda Bayramlı və Hacıqəhrəmanlı qəsəbələrində sakinlərlə maarifləndirici söhbətlər aparılıb, tələblərə əməl etməyən yaşlılara və gənclərə infeksiyanın sürətlə yayılma riski izah olunub, məsuliyyətli olmaları tövsiyyə edilib və Operativ Qərərgah tərəfindən qəbul edilən qərarlara hər kəsin qeyri-şərtsiz əməl etməli olduğu bildirilib. Xüsusi karantin rejiminin tələblərinə və sanitar-epidemioloji normalara əməl etməyən vətəndaşların inzibati və cinayət məsuliyyətinə cəlb olunacaqları sakinlərin nəzərinə çatdırılıb.

Xüsusi karantin rejiminin tələblərinə, habelə sanitar epidemioloji normalara əməl olunması üçün Şirvan şəhəri ərazisində zəruri tədbirlərin görülməsi davam etdiriləcək.