Şirvanın icra başçısı növbəti video-müşavirə keçirdi - Fotolar

sirvanin-icra-bascisi-novbeti-video-musavire-kecirdi
Oxunma sayı: 2018

Şirvan şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov tərəfindən növbəti video-müşavirə keçirilib.

“Qafqazinfo” xəbər verir ki, İ.Abbasovun rəhbərliyi ilə keçirilən müşavirəyə Şirvan şəhər İcra Hakimiyyəti başçısının müavinləri, şəhərin səhiyyə, təhsil və mədəniyyət müəssisələrinin rəhbərləri, şəhər Bələdiyyəsinin sədri, şəhər Məşğulluq Mərkəzinin direktoru, Statistika idarəsinin rəisi, xidmət təşkilatlarının rəhbərləri, şəhər və qəsəbə icra nümayəndələri qatılıb.

İlqar Abbasov xüsusi karantin rejimi müddətində təxirəsalınmaz tədbirlərlə əlaqədar şəhər İcra Hakimiyyəti tərəfindən Operativ Qərərgahın yaradıldığını, həyata keçiriləcək işlərlə əlaqədar tədbirlər planının təsdiq edildiyini və sanitariya-gigiyena qaydalarına ciddi riayət edilməsi istiqamətində profilaktik tədbirlərin davam etdirildiyini qeyd edib. Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq qərarı ilə karantin rejimi dövründə fəaliyyətinə icazə verilən sahələr üzrə metodiki göstərişlərin hazırlandığı və həmin göstərişlərə uyğun olaraq xüsusi karantin rejimi dövründə sanitariya vəziyytinin tənzimləndiyi bildirilib.

İlqar Abbasov Prezident tərəfindən verilmiş tapşırıqlardan düzgün nəticə çıxarmayan, rüşvət və korrupsiya hallarına son qoymayan və dövlətin mənafeyinə ciddi zərbə vuran şəxslərin dövlət tərəfindən ciddi cəzalandırılmasının davam etdirildiyini, eyni zamanda xüsusi karantin rejimi dövründə hərəkət etmək üçün qanunsuz olaraq arayış verən 2 icra nümayəndəsi barədə toplanan materialların araşdırılaraq müvafiq tədbirlərin görülməsi üçün şəhər prokurorluğuna göndərildiyini bildirib. İlqar Abbasov qeyd edib ki, dövlət qulluğunda işləyən hər bir məsul şəxs dövlətin mənafeyinə uyğun fəaliyyəti özünün gündəlik vəziləri olaraq müəyyənləşdirməlidir.

Video-müşavirədə iştirak edənlər öz çıxışlarında xüsusi karantin rejiminin müddətinin uzadılması və həmin rejimlə əlaqədar tətbiq edilən bəzi məhdudiyyətlərin aradan qaldırılmasından sonra fəaliyyət sahələri üzrə yeni növ koronavirus(COVİD-19) infeksiyasının yayılmasının qarşısının alınması istiqamətində şəhər ərazisində gördükləri işlər və həyata keçirilən qabaqlayıcı tədbirlər barədə ətraflı məlumat veriblər.

İlqar Abbasov video-müşavirə iştirakçılarını xüsusi karantin rejimində tətbiq edilən bir sıra məhdudiyyətlərin yumşaldılmasından arxayınlaşmamağa və xüsusi karantin rejiminin tələblərinə ciddi riayət etməyə çağırıb, eyni zamanda aidiyyəti qurumların rəhbərlərinə tövsiyyə və tapşırıqlarını verərək xüsusi karantin rejimi müddətində sanitariya-gigiyena qaydalarına nəzarət işlərinin və profilaktik tədbirlərin davam etdiriləcəyini bildirib.