Şəhidlərin doğum və anım günlərində, hər ayın sonuncu cümə axşamlarında Şəhidlər xiyabanının ziyarət olunması, şəhid ailələri ilə görüşlərin təşkili Şirvan şəhərində ənənə halını alıb.
“Qafqazinfo” xəbər verir ki, bu gün Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov YAP Şirvan şəhər təşkilatının sədri Zahir Qəhrəmanov, Dövlət Təhlükəsizliyi Xidmətinin Şirvan şəhər şöbəsinin rəisi Mehman Qasımov, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şirvan şəhər şöbəsinin rəisi polkovnik-leytenant Ramil Əhmədov və şəhid ailələri ilə birlikdə ənənəvi olaraq hər ay olduğu kimi aprel ayının sonuncu cümə axşamı Şəhidlər xiyabanını ziyarət edib.
Öncə Birinci Qarabağ müharibəsi zamanı Şirvan şəhərindən itkin düşənlərin xatirəsinə ucaldılan abidə önünə tər qərənfillər qoyulub, xatirələri ehtiramla yad edilib. Sonra Birinci və İkinci Qarabağ müharibəsi şəhidlərinin məzarları ziyarət olunub, ruhlarına dualar oxunub, ailələrinə səbr dilənib.
Ziyarətdən sonra “Şəhid anası” memorial abidə kompleksinin önündə şəhid ailələri ilə görüş keçirilib.
İlqar Abbasov şəhid ailələrini narahat edən məsələlərlə maraqlanıb və bu barədə çıxış etmələri üçün sözü onlara verib.
Görüşdə qaldırılan məsələlərlə bağlı ŞİH başçısı tərəfindən qanunvericiliyə uyğun şəkildə şəhid ailələrinə geniş izahat verilib. Şəhid məzarlarının hər birinin yanında dövlət bayrağının qoyulması ilə bağlı müraciətə dövlət bayrağının istifadəsinin “Azərbaycan Respubluikasının Dövlət bayrağının istifadə qaydaları” ilə tənzimləndiyini və qanunun yol verdiyi halda tətbiq olunacağını bildirilib.
Şəhid ailələrinə torpaq sahəsinin verilməsi ilə bağlı müraciətə cavab olaraq, 2017-ci ildən Şirvan şəhəri ərazisində 485 hektar boş torpaq sahəsinin kənd təsərrüfatı təyinatlı örüş torpaqları və meşə fondu torpaqları kateqoriyasına daxil edildiyi, qanunla həmin torpaqlarda tikinti aparılmasına icazə verilmədiyi, lakin kateqoriyanın dəyişdirilməsi məqsədilə müvafiq orqanlara müraciət olunduğu diqqətə çatdırılıb. Şəhidlərin orden və medallarla təltif edilməsi, adlarının küçələrə verilməsi ilə bağlı ailələrinin müraciətlərinin “Şəhid adlarının əbəiləşdirilməsi haqqında Qanun”a əsasən tənzimləndiyi, zamanla bu məsələlərin də davamlı olaraq həllini tapacağı qeyd olunub.
Ziyarətin sonunda Qafqaz Müsəlmanları Ruhani İdarəsinin Şirvan şəhərindəki səlahiyyətli nümayəndəsi, şəhər məscidinin imamı Əvəz Mehrəliyev Ulu Öndər Heydər Əliyevin, görkəmli oftalmoloq alim, akademik Zərifə Əliyevanın və vətənimizin müstəqilliyi, müdafiəsi, ərazi bütövlüyü uğrunda canından keçən bütün şəhidlərimizin ruhuna dualar oxuyub.




Son xəbərlər
Son Xəbərlər