Şirvanın icra başçısı səyyar qəbul keçirdi - Fotolar

sirvanin-icra-bascisi-seyyar-qebul-kecirdi
Oxunma sayı: 1975

Şirvan şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov tərəfindən şəhər sakinlərinin növbəti səyyar qəbulu keçirilib.

“Qafqazinfo” xəbər verir ki, qəbulda İcra Hakimiyyəti başçısı aparatının məsul işçiləri, dövlət orqanlarının yerli idarələrinin və xidmət təşkilatlarının rəhbərləri iştirak edib.

İ. Abbasov bildirib ki, yola saldığımız 2019-cu ildə ölkəmizin uğurları davam edib, iqtisadi inkişafın dayanaqlığı təmin olunub, respublikamız bu dövrdə öz dinamik inkişafını qoruyub, xalqımız əmin-amanlıq, sabitlik və təhlükəsizlik şəraitində yaşayıb. Prezident İlham Əliyevin təşəbbüsü və prinsipial mövqeyi sayəsində ölkəmizdə sənayeləşmə templəri yüksəlib, yüzlərlə müasir və yeni sənaye müəssisələri, istehsal sahələri yaradılıb, tələbatın ödənilməsində yerli məhsulların payı əhəmiyyətli dərəcədə artıb, ixracın həcmi yüksəlib və nəticədə ölkəmizin strateji valyuta ehtiyatları artaraq 52 milyard dollara çatıb. Eyni zamanda ölkəmizdə sosial sahədə çox böyük təşəbbüslər irəli sürülmüş, şəhid ailələri böyük vəsaitlə təmin edilmiş, minimum əməkhaqqı təxminən 2 dəfə, minimum pensiya 70 faizdən çox artıb.

İlqar Abbasov vurğulayıb ki, 2020-ci il ərzində Şirvan şəhərində həyata keçiriləcək sosial-infrastruktur layihələr çərçivəsində “Bağ evləri” yaşayış massivində yeni məktəb binasının tikintisi, Məhəmməd Füzuli adına Şirvan şəhər Parkının əsaslı şəkildə yenidən qurulması, magistral və məhəllədaxili yolların təmir və bərpası, piyada səkilərinin salınması, çoxmənzilli yaşayış binalarının dam örtüklərinin dəyişdirilməsi, içməli su və qaz təhcizatının yaxşılaşdırılması, yaşayış binalarının kanalizasiya xətlərinin yenilənməsi, şəhər ərazisində yaşıllaşdırma tədbirlərinin həyata keçirilməsi, küçə və prospekt boyunca xeyli sayda ağac və bəzək kollarının əkilməsi və digər proqramların həyata keçirilməsi nəzərdə tutulub. Şirvan şəhərinin simasının günün tələbləri səviyyəsində qurulmasını təmin etmək məqsədilə qeyd edilən proqramlar və iri həcmli infrastruktur layihələri uğurla icra olunacaq.

Daha sonra 20 nəfər şəhər sakini onları narahat edən müxtəlif sosial məsələlərlə bağlı şəhər İcra Hakimiyyətinin başçısına müraciət ünvanlayıblar. Qəbula gələn vətəndaşlar fərdi qaydada dinlənilib və müraciətlərə aydınlıq gətirilib. Müvafiq tədbirlərin görülməsi üçün şəhər İcra Hakimiyyətinin başçısı tərəfindən əlaqədar qurum və təşkilatların rəhbərlərinə tapşırıqlar verilib.