Həyətimizin uşaqları bayram tonqalı üçün material axtarırlar. Bayram günlərində onlara görə vəzifələri elə budur. Şəhər uşağnın tonqalı nədən yanar? Artıq tonqal üçün nə kiminsə qapısının ağzını təmizlədiyi süpürgəsi qalıb, nə zibilxanaya atılan boş karton qutular, nə də köhnə mebel tulantıları. Nə olur olsun, bu gün o bayram tonqalı yanacaq, uşaqlar, cavanlar və məhəllələr ən böyük tonqal üzrə yarışdan qalmayacaq, tonqal ətrafında toplaşıb bayramdan başqa hər şeydən danışacaqlar.
Balaca uşaqlar bir az üzsüzlüyə basıb mərtəbə-mərtəbə qapılara papaq atacaq, heç gizlənmədən əlində salafan torba bayrampayı istəyəcəklər. Televiziya kanalları şit aparıcıları müşayət edən müğənnilərin turşumuş mahnı və davranışlarını verəcəklər. Milli bayramda milli telekanalda qalmağı istəsək də, dözə bilməyib ya “ruslaşacağıq”, ya da Türkiyə kanallarında serial və veriliş axtaracağıq. Çoxluqla bayramı elə telefon, ya da sosial şəbəkə ilə təbrikə üstünlük verəcək. Bişirdiyini özü yeyəcək( yavaş-yavaş bayramın dadı qaçır), ya süfrəsinin şəklini çəkib internetdə yerləşdirəcək....Tv-lərdə, təşkil olunmuş bayram şənliyində başına kiminsə kabron corabını keçirmiş keçəl, kosanın ən çirkin qirimlənmişini görəcəyik. Balaca uşaqlar qorxudan birtəhər olacaqlar.... Qonşu qonşuya qohum qohuma verdiyi bayram payını ürəkdən yox, acıqcasına(mənim şəkərburam, qoğalım, paxlavam, badamburmam və.s.daha yaxşı çıxıb deyə) verəcək. Bu bayram da belə gedəcək....
Mənim milli bayramım niyə belə sönük, səmimiyyətsiz, sevincsiz, mənasız, dəyərsiz olub? Milli ruhumuz itkin düşüb? Milli qəlbimizi kim oğurlayıb? Bayram günü pessemist düşüncələrə qapılıb kiminsə qanını qaraltmaq fikrim əsla yoxdur. Amma qəbul edək ki, rəhmətlik Şıxali Qurbanov zamanında həyatını bu “Novruz” üçün qurban verməmişdi. Bəli, məsələ ondadır ki, qədim tarixi olan “Novruz”un Sıxali Qurbanovla nə əlaqəsi olduğunu da çoxu hələ bilmir. Böyük ictimai xadim, yazıçı-dramaturq Şixali bəy “Novruz”u çox sevərdi. Onun zamanında bayram milli yox, gizli səviyyədə keçirilərdi. 1967-ci ildə bu kişi rus imperiyasını heçə alaraq, “Novruz”u milli dövlət bayramı səviyyəsində rəsmi keçirilməsinə nail oldu. Həmişə tədbirlərdə ana dilində nitq söyləyən, millətini sadə müəllim, şair olanda necə sevirdisə, deputat olanda da elə sevən insanı aradan götürdülər. O, zaman üçün bu çox normal və gözlənilən idi. Ona ətrafında olanlar çox xəbərdarlıq etmişdilər. Elə ətrafında olan “bizimkilər” onu qorumaq əvəzinə, batırdılar.
Ş.Qurbanovun isə xəbərdarlıqlar heç vecinə deyildi. Ürəyində millət sevgisi daşıyan insan bir dişinin qurbanı oldu. Ona çox sadə sui-qəsd edildi. Dişinə vurulan zəhərlə(sianid turşusu) Vətənlə döyünən ürəyini dayandırdılar.
Bunları xatırladıram ki, unudanlar, heç bilməyənlər “Novruz”da bircə dəfə də olsun bu kişini yada salsınlar. Gənclər, uşaqlarımız əsərlərini tanımasa da, onun “Novruz”la əlaqəsinindən danışsınlar. Bu barədə söz soruşanda gözünü döyüb özünü rüsvay etməsinlər. Bir hələ, rüsvay etmək və rüsvay olunmaq ifadələrini bilsələr....
Milli Bayramımız mübarək! Bayram öz-özündən mübarək olmur. Mübarək etmək üçün mehriban və səmimi olaq!!
Son xəbərlər
Son Xəbərlər