Siyasətçilər “1 aprel”dən danışdı- - "Bu günü ciddi qəbul etmirlər"

siyasetciler-1-aprelden-danisdi-
Oxunma sayı: 2562


Bir aprel dünyada gülüş günü kimi qeyd olunur. Ölkəmizdə bu gün daha çox aldadılma (şit zarafatlar) günü kimi yadda qalıb. Yaşından asılı olmayaraq hər bir şəxsin bu günlə bağlı xatirələri var. 

“Qafqazinfo” siyasətçilərin 1 aprellə bağlı xatirələri ilə maraqlanıb. Qeyd edək ki, mövzu ilə bağlı bir neçə siyasətçiyə ilə əlaqə saxlasaq da, onların əksəriyyəti standart olaraq “yoxdur” cavabı verdiyindən adlarını sorğuda çəkməyə ehtiyac görmədik. 

Sualımıza cavab olaraq deputat  Zahid Oruc bunları deyib: 

“Uzun müddətdir ki, bu gün dünyada qeyd olunur. Cəmiyyətin bu günə özünəməxsus yanaşması var. Əhali də, hansısa idarəetmə sistemində çalışanların da bu günü qəbul etməsinin müxtəlif forması var. Kimi bunu sadəcə yumor, digərini sevindirmək, hansısa mənada əyləndirmək, xoş təbəssüm bəxş etmək kimi qavrayır və buna doğru da addımlar atır. Bəziləri isə yaxşı mənada aldatma günü kimi qəbul edirdilər. Qohum- əqrəbaya bizlər də daxil olmaqla hansısa xəbəri verirdilər. Nəticədə onun yanlış olduğunu görüb sevinirdik. İstər şagird, istərsə də tələbəlik illərində bununla bağlı hadisələr başıma gəlib. Bəzən bu ya imtahanların təxirə salınması, ya da buna bənzər başqa xəbərləri bizə çatdırmaqla özünü göstərib. Ona görə də 1 aprellə bağlı xatirələrim müsbət emosiyalıdır və yaxşıdır. Hesab edirəm ki, dünyəvi miqyasda bu günü qeyd etməyə dəyər. Çünki dünya insanına bəxş olunmuş davakarlıq, aqressiya ruhu, müharibələr ciddi konfliktlər və itkilər fonunda indi onun üzünü güldürmək də böyük bir probləmə çevrilib. Amma bütün hallarda buna ehtiyac var”. 

Deputat Musa Qasımov bu günə ciddi baxmadığını bildirib: 

“Ona görə də zarafat etmirəm. Uşaq vaxtı ola bilər ki , kimləsə zarafatlarımız olsun. Onlar da maraqsız olduğu üçün yaddaşımdan silinib. Amma gənclik yaşlarımdan bəri bu günü ciddi qəbul etmirəm. Nə o oyunları oynayır, nə də zarafat edirəm”. 

Xanım deputat Məlahət İbrahimqızı isə həyatında bir dəfə də olsun bu günlə bağlı xatirəsinin olmadığını qeyd edib : “İndi günorta saat 13:00-a yaxınlaşır. Hələ bu saata qədər kimsə mənə hər hansı şəkildə zarafat etməyib”. 

“EL “ Hərəkatının sədri Eldar Namazov da uşaqlıq dövrü ilə bağlı o cür anları xatırlamadığını vurğulayıb: “Ümumiyyətlə isə publikaya bölüşməli olan hər hansı yadda qalan xatirəm yoxdur”. 

AXCP sədrinin müavini Fuad Qəhrəmanlı uşaqlıq dövründə belə anlar yaşadığını xatırlayır: “Mən zarafatla kimisə aldatmışam. Qarşı tərəf də məni o şəkildə aldadıb. Son on ildə isə bu tarixdə heç bir xüsusi hadisə yaşamamışam. Kiməsə yalan söyləməmişəm”. 

Deputat Fazil Mustafa isə çalışır ki bu günlə bağlı kiməsə zarafat etməsin: ”Eyni zamanda bu hərəkəti digərlərindən də gözləyirəm. Bu gün olanda barmağına işarə qoyuram. Kimsə zarafat edəndə dərhal tuturam ki, bunun ciddi əsası yoxdur. Ona görə də bu günlə bağlı xatirə saxlamıram”. 

Günel