Siyasətçilər Trampa əsəbiləşib iclası tərk etdilər

siyasetciler-trampa-esebilesib-iclasi-terk-etdiler
Oxunma sayı: 1865

ABŞ Prezidenti Donald Tramp Türkiyənin Suriyadakı hərbi əməliyyatı ətrafındakı vəziyyətlə əlaqədar konqres liderləri ilə görüş keçirib, lakin tədbir gərginliklə bitib. “Qafqazinfo” xəbər verir ki, bu barədə “Bloomberg”ə demokratların Senatdakı lideri Çak Şumer məlumat verib.

Tramp, hətta Respublikaçıların Ağ Evin Yaxın Şərqdəki siyasətini dəstəkləməməsinə görə çox əsəbiləşərək bir anda Nümayəndələr Palatasının spikeri Nensi Pelosini üçüncü dərəcəli siyasətçi adlandıraraq onu açıq şəkildə təhqir etməyə başlayıb.

Başqa bir mənbə isə bildirib ki, mübahisənin kulminasiya nöqtəsi müzakirədə iştirak edənlərdən birinin Trampa sabiq Müdafiə naziri Ceyms Mettisin ABŞ-ın təzyiqi yüngülləşdirdiyi təqdirdə İŞİD terror qruplaşmasının dirçələcəyi ilə bağlı sözlərini xatırlatması olub. 

Prezident cavabında qeyd edib ki, Mettis dünyada ən çox qiymətləndirilən general olub, lakin İŞİD-in məğlubiyyətindəki əsas xidmət isə onun özü ilə bağlıdır.

Pelosi, Şumer və Nümayəndələr Palatasında böyük nüfuza malik olan Steni Hoyer Respublikaçılar Partiyasının nümayəndələri tərəfindən vəziyyəti daxili siyasi mübarizə üçün istifadə etməkdə günahlandırıldıqdan sonra bir-birilərini qarşılıqlı təhqir ediblər və hər iki siyasətçi iclası tərk edib. 

Tramp da tvitter mikrobloqunda Ağ Evdəki Suriya görüşündən bir neçə foto paylaşaraq baş verənləri danışıb. O, ilk paylaşımında Pelosi, Şumer və Hoyerin görüşdən şəklini paylaşaraq “Onların məni sevdiyini düşünürsünüz?” deyə soruşub.

ABŞ Prezidenti Pelosinin ayaüstə çıxış edərkən çəkilən fotosunu paylaşaraq “Əsəbi Nensi sinirlənib dəliyə döndü” ifadəsini işlədib.

O, üçüncü paylaşımında isə hər üç sözügedən siyasətçinin boş qalan kürsülərinə işarə edərək “Heç bir iş görməyən demokratlar, Pelosi və Şumer otaqdan əsəblə çıxdı” qeydini yazıb.

Daha sonra sözlərinə belə davam edib: “Pelosinin təcili köməyə ehtiyacı var. Ya yüksək səviyyəli şəxslərlə problemi var, ya da yəqin ki, bizim möhtəşəm ölkəmizi sevmir. Bu gün Ağ Evdə tamamilə sinirdən dəliyə döndü. Bu vəziyyəti izləmək çox kədərli idi. Onun üçün dua edin, çox xəstə bir insandır”.

Ağ Evin mətbuat katibi Stefani Qrişem də baş vermiş hadisəni təsdiqləyib.