“Siyasətdən çox dedi-qodu ilə məşğuldurlar”

“Siyasətdən çox dedi-qodu ilə məşğuldurlar”
Oxunma sayı: 2800

“Düşünürəm ki, bu ünsürlərin siyasətdən daha çox dedi-qodu ilə məşğul olduğu ortadadır. Yəni bunların hansısa biri Azərbaycan cəmiyyətinin hətta tənqidi, müxalif yöndən də olsa ağıllı formada təhlil edərək ortaya qoymaq qabiliyyətləri, hökumətə daha sanballı təkliflər hazırlayıb vermək imkanları yoxdur”.

 “Qafqazinfo” xəbər verir ki,  Milli Məclisin deputatı Fazil Mustafa Milli Şura üzvlərinin gizli iclasında müzakirə edilən məsələlərə münasibət bildirərkən deyib. 

Deputat qeyd edib ki, Milli Şura üzvlərinin yaratdığı obrazın arxasında bir çox hallarda ədəb görülmür: “Bir çox hallarda dərin siyasi bilgini, hətta özlərinin faydasına olan taktiki addımları da görmürsən. Bu müzakirələrdə də hansısa bir siyasi qüvvəylə müqayisədə özünün əhəmiyyəti ortaya qoyulmaz, birbaşa özünün əhəmiyyətli olduğunu isbat edən fəaliyyət forması seçər. Bunlar bir-biri ilə müqayisə zəminində mövcuddurlar. Yəni ki Müsavat bir az fəal deyilsə, mən fəalamsa bu mənim üçün təsəllidir. Artıq burada oturub təsəllinin zövqünü yaşayırlar. Halbuki siyasət yeni bir düşüncələri ortaya qoymağa yönələn bir sənətdir. Bunları biz görmürük.  Yetişdirdikləri insanların da böyük əksəriyyəti artıq sosial şəbəkə tərbiyəsinə də xələl gətiriblər. Bunlar qarğa-quzğun kimi kiminsə bir spesifikasını paylaşıb onu söyməklə məşğuldurlar. Yaxud da kiminsə haqqında ancaq dezinformasiyaları paylaşmaqla məşğuldurlar. Bu da əsas hədəflərdən yayındırır. Artıq ölkə həyatında faydalı iş əmsalına sahib şəxslər kimi özünü göstərmirlər”.

F. Mustafa qeyd edib ki, bu gün düşüncə istiqamətində fərqli şeyləri cəmiyyətə təqdim etmək imkanı var:

“Müəyyən boşluqlar var ki, onları doldurmaq imkanı olmalıdır. Amma onlar bunu dolduracaq hazırlığa sahib deyillər. Ona görə də ya Müsavatı söyməlidirlər, ya da dedi-qodu etməlidirlər. Sən xainsən, satqınsan, düşmənsən  deyirlər. Öz çevrələrində də normal həyat tərzləri, yaşam standartları özlərinin elan etdiyi əxlaq dəyərlərinə uyğun gəlmir. Ona görə də bu insanların xeyli hissəsini biz daha dərindən tanıdığımıza görə potensiallarını da bilirik. Bunlar sanki Həsən Səbbahın tərəfdarıdırlar. Ancaq linç etmək, ifşa etmək, inkar etmək üzərində siyasətlərini qurublar. Ona görə də sonunda yığışıblar bir Əlamut qalasına özləri üçün müqəddəslik fenomeni formalaşdırıblar. Amma cəmiyyət həyatına müsbət impuls verə biləcək qabiliyyətə sahib deyillər. Dedi-qodu üzərində qurulan siyasətin perspektivi ola bilməz. Ümid edirəm ki, bu yavaş-yavaş çürüyən bir mexanizm olacaq. Fürsət var idi dövlət həyatına qatılsınlar, koronavirus dövründə öz maraqlı təklifləri ilə çıxış etsinlər. Qoy hakimiyyət nəyisə qəbul etməsin və bu onların boynunda qalsın. Yenə də bu inkarçı mövqeylə, 20, 30 ilin mənasız dalanlara gedib  siyasətiylə bir şeylər etmək çətindir”.

Parlamentin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc məsələ ilə bağlı “Qafqazinfo” ya bildirib ki, siyasi həyatda olanlar elə də böyük illuziyaya qapılmamışdılar ki, Milli Şuranın elitası tamam fərqli dilə, leksikona, aristokratik xüsusiyyətlərə malikdirlər:“Bu uzun illər hakimiyyətlə apardıqları siyasi düşmənçilik münasibətlərini kənara qoyduqları halda belə, onlarla virtual müstəvidə, adi polemikalarda olanlar nə qədər qəzəbin, kinin-küdurətin, dözümsüzlüyün şahidi olduqlarını deyirdilər. Hətta bir sıra solçuluq baxışlarına malik olanlar deyirdilər ki, bunlar demokrat deyillər. Bolşevik təmayülünü ifadə edirlər. Ən yaxın çevrələriylə münasibətləri də bilinən səpkidə qurulub. Ona görə də mənə görə ictimailəşən səhnələr qətiyyən təəccüblü gəlmədi. Halbuki müxalifətin elitası olmaq istəyənlər sosial şəbəkə platforması üzərindən, elə hər yerdə də mədəni davranışlarını göstərməyi bacarmalı idilər. Sübuta yetirməlidirlər ki, həqiqətən onlar iqtidar cinahında dözümsüz söylədikləri bir məmurdan ya bir oğurluğa, cinayətə yol verən insanlardan bir boy yuxarıda dayanmağı bacarırlar.

Çox təəssüflər olsun ki, uzun illər hakimiyyət cinahında hər hansı əməllərinə görə sistemdən kənarlaşdırılan adamlar gedib özlərinə müxalifətdə dayanacaq tapıblar. Sonra reablitasiya olublar, sanki təzədən dirçəliblər və təkrar siyasi həyata qaytarılıblar. İkincisi, sadəcə gündəlik indiki müasir kommunikasiya sistemləriylə müxtəlif internet kanallarında çıxış etmək müxalif fəaliyyət sayılmaz. Bir veb səhifəsi düzəltsinlər. Siyasi cameəni araşdıran insanlar onların nə qədər ideoloji siyasi məhsullarının olduğunu görsünlər. Biz onda onlara müxalifət deyə bilərik. Adi veb səhifələri də yoxdur. Gündəlik olaraq yutub kanallarında çıxış edirlər. Onlar da yığılıb qalır. Bu necə ola bilər ki, Əli Kərimlinin blokadada olduğunu deyirlər. Amma onların bir rəsmi nümayəndəsi deyir ki hakimiyyət istəyir ki izolyasiya baş versin. Amma bu olmadı, bu dövrdə Əli Kərimli daha çox müsahibə verib. Əgər müsahibə veribsə, bunun nəyi onda blokadadır?!. Məsələnin digər tərəfi leksikonla bağlıdır. Söhbət yalnız İsmayıl Cəlilovun şəxsi həyatı, onun ailə durumunun müzakirəsindən getmir. Yaxud da ki LGBT adlandırılan quruma münasibətin o şəkildə ifadəsindən, yaxud Hitlerə simpatiyadan da bəhs etmirik. İndiki situasiyada mövqeyimiz odur ki, müxalifət bu illər ərzində informasiya aləmini zəhərləyən mövqelərə qarşı prinsipial davranış göstərməyib.

Əksər hallarda özləri də zəhərli ideologiyaların, leksikonların , informasiya terrorunun gücləndirilməsində iştirak ediblər. Ona görə də özünə hesabat verən, ciddi məsuliyyət daşıdığını göstərən, dəyər yaradan bunu ətraf aləmdə güclü şəklildə təşviq etməkdə maraqlı olan qüvvə fəaliyyətini ayrı cür aparır”. Onun sözlərinə görə, pandemiya şəratində yaxından ünsiyyət olmayıb deyə bu çəkiliş ictimailəşib və cəmiyyətə yansıyıb: “Bunun özündə də təhlükəsizlik orqanlarının fəaliyyətini axtarırlar. Halbuki özləri bundan niyə bu qədər narahat olub bilmirəm. Həmişə daxili diskussiyaları jarqonları elə bu sözlərdən ibarət olub. Həqiqətən də müxlaif qüvvələrin hamısı hazırkı siyasi dəyişikliyi dəyərləndirməyi bacarmalıdır. Nəhayət onlar da gerçəkdən dəyişmək istədiklərini göstərməlidirlər. Ona görə mən dediyiniz səhnəni konkretləşdirib 3-4 qüvvədən üzr istəsinlər, bu onların dəyişməsi anlamına gələcək kimi məsələyə qiymət vermək istəmirəm. Prosesə daha böyük miqyasda qiymət verməliyik Yeni dövrün reallıqlarımı Milli Şura və qeyri Şura üzvləri qiymətləndirməlidirlər”.

Günel Türksoy


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi