Siyasi blok siyasi dialoq istəyir

siyasi-blok-siyasi-dialoq-isteyir
Oxunma sayı: 642

“Qafqazinfo”nun verdiyi məlumata görə, Azərbaycan Demokrat və Ümid Partiyasının birləşdiyi Blokun toplantısında ölkədə və dünyada mövcud ictimai siyasi vəziyyətə dair bir sıra məsələlər ətrafında fikir mübadiləsi aparılıb və müvafiq qərarlar qəbul edilib. İlk olaraq Fransa Milli Assambleyasının qəbul etdiyi erməni soyqırımını inkar edənlərin cəzalandırılması qanunu ilə əlaqədar müzakirə aparan blok rəhbərliyi bu məsələdə adıçəkilən ölkənin parlamentinin beynəlxalq hüquqi sənədlərdə əks olunan fikri azad ifadə və söz azadlığı hüququnun kobud şəkildə pozması faktına diqqəti yönəldiblər. Qarabağ Bloku adından Fransa Senatına, Avropa Birliyinə, Avropa Şurasına və ATƏT- ə Fransa Parlamentinin aşağı palatasının qəbul etdiyi məlum qanunun beynəlxalq hüquqla bir araya sığmaması və həmin qanunun ləğvi ilə əlaqədar müvafiq prosedurlara başladılması haqqında müraciət edilməsi qərara alınıb.

Toplantı iştirakçıları Milli Məclisin üzvü Vahid Əhmədovun siyasi dialoqun başlanması zərurəti haqqındakı bəyanatını yüksək qiymətləndiriblər. Blok rəhbərliyi SSRİ-nin bərpası ilə əlaqədar çağırışları, Avroasiya ittifaqı ideyasının gerçəkləşməyə başlamasını və digər bu kimi, Azərbaycan Respublikasının suverenliyinə və müstəqilliyinə yaranmaqda olan real təhlükələri, habelə Qarabağ məsələsində Azərbaycanın faktiki olaraq təklənməsini və ölkənin siyasi qüvvələri arasında getdikcə dərinləşən uçurumu nəzərə alaraq iqtidar və müxalifət dialoqunun bu gün ölkənin siyasi gündəmində duran ən zəruri məsələ olduğunu qeyd ediblər.

Toplantıda həmçinin, ilin yekunları haqqında məsələ də müzakirə edilib və ölkədə sosial iqtisadi vəziyyətin pisləşməsi, korrupsiya və rüşvətxorluğun bütün hədləri aşması, insan hüquq və azadlıqlarının, xüsusilə də vətəndaşların mülkiyyət hüququnun hakimiyyət tərəfindən ardıcıl pozulması, siyasi məhbus probleminin daha da aktuallaşması və ölkədaxili digər bu kimi problemlərin mövcudluğundan ciddi narahatlıq ifadə olunub.