Siyasi məhbusun yeri bəlli deyil

siyasi-mehbusun-yeri-belli-deyil
Oxunma sayı: 633

Fəalın həyat yoldaşı “Azadlıq” radiosuna belə deyib: “İki-üç gün əvvəl onu Tehrana yollayıblar. Bilmirəm niyə. Evin zindanına aparılsa, hökmən evə zəng vurardı. Yeri məlum deyil. Bilmirik haradadır, vəziyyəti necədir”.

Azərbaycan milli kimliyi uğrunda dinc mübarizə aparan tanınmış ərdəbilli fəal Abbas Lisani Urmiya gölünün qurumasına İran hakimiyyətinin laqeyd münasibətinə etirazlara görə tutulub. İran Kəşfiyyat Nazirliyinin (ETTELAAT) Ərdəbil şöbəsinin əməkdaşları Abbas Lisanini sentyabrın 9-da iş yerindən aparıblar.

Oktyabrın 3-də “Azadlıq” radiosuna danışan həyat yoldaşı Abbas Lisaniyə həbsdə işgəncə verilməsi haqda xəbərlər gəldiyini vurğulayıb: “Dustaq yoldaşları deyirdilər ki, onun çığırtılarını eşidiblər, halı yaxşı olmayıb. İlk günlər telefonda mənimlə danışanda halı yox idi. Amma mənə də heç nə demədi.

Sonuncu dəfə ötən həftə danışdıq. Sentyabrın 28-də həbsxanadan zəng vurmuşdu. 18 gündür davam edən aclığı dayandırdığını bildirdi. Dedi ki, mənə bir şey olsa, səbəbi aclıq deyil. Bildirdi ki, halı xarab olub, mədəsi ağrıyıb, dərman istəyib, verməyiblər”.