Siyavuş Novruzov Naxçıvanda seçicilərlə görüşüb - Fotolar

siyavus-novruzov-naxcivanda-secicilerle-gorusub
Oxunma sayı: 2063

Yeni Azərbaycan Partiyası parlament seçkilərinin təbliğat-təşviqat kampaniyasını uğurla davam etdirir. "Qafqazinfo"ya daxil olan məlumata görə, kampaniya çərçivəsində YAP tərəfindən irəli sürülmüş deputatlığa namizədlər Naxçıvan Muxtar Respublikası ərazisində də seçicilərlə fəal görüşlər keçirirlər.

Əvvəlcə Yeni Azərbaycan Partiyasının muxtar respublika üzrə irəli sürdüyü deputatlığa namizədlər müasir müstəqil Azərbaycan dövlətinin memarı, Yeni Azərbaycan Partiyasının qurucusu, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin Naxçıvan şəhərinin mərkəzində ucaldılmış abidəsini ziyarət ediblər, önünə gül dəstələri qoyublar. Yanvarın 21-də isə 5 saylı Şahbuz-Babək seçki dairəsi üzrə Yeni Azərbaycan Partiyası tərəfindən deputatlığa namizədliyi irəli sürülmüş Siyavuş Dünyamalı oğlu Novruzovun Şahbuz rayonunun Ayrınc, Kükü, Qızıl Qışlaq, Güney Qışlaq, Ağbulaq və Gömür kəndlərində seçicilərlə görüşü olub.

YAP tərəfindən deputatlığa namizədliyi irəli sürülmüş Siyavuş Novruzov Azərbaycanın çox mühüm siyasi hadisə ərəfəsində olduğunu - fevralın 9-da ölkəmizdə parlament seçkilərinin keçiriləcəyini diqqətə çatdırıb. Yeni Azərbaycan Partiyasının seçkilərə qətiyyətli qələbə əzmi və böyük ruh yüksəkliyi ilə qatıldığını söyləyən S.Novruzov "Ümummilli Lider Heydər Əliyevin ideyaları əsasında və Prezident İlham Əliyevin rəhbərliyi ilə zəngin, şərəfli inkişaf yolu keçmiş YAP qatıldığı bütün seçkilərdə seçicilərin böyük etimadı əsasında inamlı qələbə qazanıb. Təsadüfi deyil ki, Azərbaycanda, hətta Cənubi Qafqaz regionunda ən güclü və nüfuzlu siyasi təşkilat olan Yeni Azərbaycan Partiyası ümumxalq partiyası kimi tanınır",-deyə vurğulayıb.

Görüşdə çıxış edən seçicilər öz fəaliyyətində xalqın mənafeyini və dövlətin maraqlarını rəhbər tutan Yeni Azərbaycan Partiyasının namizədlərinə səs verəcəklərini ifadə ediblər.