Azərbaycanda yenicə fəaliyyətə başlayan ABŞ-ın səfiri cənab Robert Sekutanın maraqlı bir müraciəti oldu.
Əlbəttə, onun Bakıya gəlməzdən əvvəl Azərbaycan vətəndaşlarına etdiyi müraciət də maraqlı idi. Amma mənim üçün daha maraqlı Səfir Sekutanın Azərbaycanda hara getməklə bağlı müraciəti idi. Səfir Azərbaycanın hansı bölgəsini görməli olduğunu soruşurdu.
Mənim də ürəyimdən nəsə təklif etmək keçdi. Amma susdum...
Axı necə təklif edəydim ki...
Səfir Sekutaya olunan ilk təklif maraqlı idi. Rəy bildirənlərin düz 70 faizi Qobustanı təklif eləmişdi.
Mənim üçün cənab Sekutanın Qobustandan da əvvəl məcburi köçkünlərin məskunlaşdığı qəsəbəyə getməsi çox xoş bir təəccüb və minnətdarlıq hissi yaratdı.
Və elə bu səmimiyyətdən sonra ürəyimdə saxladığım təklifi yazmaq qərarına gəldim.
Bəlkə də qəbul elədi düşünərək.
Beləliklə...
Əvvəla, xoş gəlmisiniz, cənab Səfir!
İkincisi, çox sağ olun ki, ilk ziyarət etdiyiniz məkanlardan biri məhz öz dədə-baba yurdlarından məcburi köçmüş insanların yaşadığı qəsəbə oldu.
Üçüncüsü, mən Sizi Ağdama dəvət etmək istərdim, cənab Sekuta.
Dördüncüsü, təəssüf ki, bu təklifimi reallaşdıra bilmirəm...
Yəqin fikirləşəcəksiniz ki, niyə məhz Ağdama?
Əvvəla, ona görə ki, mən özüm də ağdamlıyam. Mən Sizi evimə dəvət etmək istərdim. Sadə bir Azərbaycan vətəndaşını tanımanız, Sizin və təmsil etdiyiniz ölkə haqqında nə düşündüyünü bilməniz üçün. Məncə, səfir üçün bu, çox mühüm bir detaldır.
İkincisi, əminəm ki, Siz mənim təklifimi qəbul etsəniz, səfər qrafikiniz çox zəngin olardı. Gəzməli-görməli yerlər, zəngin mənəvi aləmə malik insanlar...
İmarəti vardı Ağdamın... Qarabağ xanlarının yay malikanəsi və Qarabağ hakimlərinin məqbərələri vardı İmarətdə. Ötən il Avropa Liqasında çıxışını hakim haqsızlığı ucbatından dayandıran “Qarabağ” Futbol Klubunun stadionu da bu İmarətdə idi. Təsəvvür edirsiz? Avropa futbol aləmini silkələyən məcburi köçkün komanda...
Abdalı, Gülablısı vardı Ağdamın... Bəlkə də bu adlar Sizə heç nə deməyəcək. Amma bizim üçün bu məkanlar cənnətin Ağdamda təcəllası idi...
Şahbulağı, Kötəli, Qarqarı, Şellisi vardı.
Quş iliyi, can dərmanı tapa biləcəyiniz bazarı və daha nələri, nələri...
Çörək muzeyi də vardı Ağdamın... Dünyada nadir muzeylərdən biri idi bu muzey. Əlbəttə, bu muzeyi hərə bir cür qəbul edirdi. Amma bu muzeyin Ağdamda olması bir simvol idi. Ağdamlıların duz-çörəyə verdiyi qiymətin simvolu...
Çox uzadıb vaxtınızı almaq istəmirəm. Qismət olsa və əgər arzulasanız, Ağdam haqda Sizə çox danışa bilərəm. Arzulasanız...
Amma çox təəssüf ki, mən Sizi xəyalən apara bilərəm Ağdama.
Yəqin ki, niyəsini bilirsiniz.
Doğrudur, əslində Ağdam indi mənim Sizi qonaq aparmaq istədiyim Ağdam deyil. Amma uçulmuş, dağılmış halı ilə də gözəldir mənim şəhərim. Əgər bu gün imkanım olsaydı, heç düşünmədən yenə də o uçulmuş, dağılmış şəhərimə dəvət edərdim Sizi, cənab Səfir. Və əminəm ki, təəssüratlı bir səfər olardı.
Təəssüf ki, bilmirəm, təklifimi qəbul edərsinizmi?
Son xəbərlər
Son Xəbərlər