Həbsdən azad olan kimi dərhal Kievə gələn Ukraynanın eks baş naziri Yuliya Timoşenko “Maydan”da çıxış edib. “Qafqazinfo” Ukrayna KİV-nə istinadən xəbər verir ki, əlil arabasında gələn Timoşenko çıxışına bütün meydana toplaşanları salamlamaqla başlayıb. Çıxış zamanı Timoşenko göz yaşlarını güclə saxlayıb:
“Siz qəhrəmansınız, Ukraynanın ən yaxşı oğullarısınız . Mən sizin gözlərinizə baxmaq üçün gəldim. Ukrayna böyük insanlarındır və siz hər birimizə, sabah yaşayacaq olan hər kəsə kömək etdiniz. Bizim oğullarımız və qızlarımız sona kimi çiyin-çiyinə barrikadalarda dayandılar. Ukrayna azad insanların ölkəsi olmalıdır. Bura gələrkən Kievi tanımadım, bura toplaşan insanları qəhrəman hesab edirəm.
Mənim ilk işim Qruşevski küçəsinə baş çəkmək olub. Məhz orada toqquşmalar nəticəsində ilk insanlar öldülər. Həmin insanlar bu ölkənin haqları üçün mübarizə aparanları hər zaman ilhamlandıracaq. Sizə demək istəyirəm ki, qəhrəmanlar ölmür, onlar hər zaman bizim qəhrəmanlarımız olaraq qalacaqlar və onların xatirəsi daim ukraynalılarla qalacaq”.
Daha sonra kütlə Timoşenkonun sözlərinə istinad edərək “Qəhrəmanlar da ölmürlər, Yuliya da” deyə cavab veriblər.
Daha sonra Timoşenko insanları Maydanı tərk etməməyə çağırıb:
“Əgər kimsə sizə desə ki işinizi bitirmisiz və dağılışa bilərsiniz, o insanlara inanmayın. Dağılmayın, çünki ölkədəki situasiyanı siyasətçilər deyil, insanlar dəyişdilər. O insanlar ki, sona qədər durdular və qalxan altında ölümə getdilər, onları heç kim heç zaman diz çökdürə bilməz. Fəxr edirəm ki, bu xalqın bir hissəsiyəm. Mən sizin aranızda doğulmaqdan və bu dəqiqələrdə aranızda olmaqdan daha böyük xoşbəxtlik tanımırdım, fəxr edirəm ki, Ukraynada doğulmuşam”.
Daha sonra Timoşenko Maydanda ölənlərin qətlində günahı olan hər kəs cəzalandırılacaq.