Smart sayğac borca işləyib - Problem

smart-saygac-borca-isleyib-
Oxunma sayı: 4660

Abşeron rayonu, Digah qəsəbəsi, Sahil küçəsi , ev 19-da yaşayan Ziyadova Yeganə “Qafqazinfo”ya müraciət edərək dörd gündür ki, qazsız qalmaqlarından şikayət edib.

O bildirib ki, hər dəfə qaz kartına pul ödəyib istifadə etsə də sayğacında borc yaranıb: “Smart sayğac sistemi o deməkdir ki, abonent öz hesablarına nəzarət edir. “Azəriqaz” ın nümayəndəsi gəlib deyir ki, sayğacınız mənfiyə işləyib və nəticədə 180 manat borc yaranıb. Əgər sayğacda problem varsa, bu bizim səhvimiz deyil. Gəlib sayğacı dəyişdilər. İndi bizə təzə kart vermirlər. Deyirlər ki, 180 manat borcu ödəməlisiniz. İndi bir kişinin cibində heç 50 manat yoxdur, biz 180 manatı birdən-birə necə ödəyək? Heç olmasa az-az ödəməyimizə yardım etsinlər. Sayğacdakı yaranmış problemin günahını təkcə abonent ödəməməlidir. Nəzərə alsaq ki, bir neçə abonent eyni anda bu problemlə üzləşib”.

“Qafqazinfo” məsələ ilə bağlı “Azəriqaz” İB-nin İctimaiyyətlə Əlaqələr Şöbəsinin rəisi İbrahim Kərbalayevlə əlaqə saxlayıb. O bildirib ki, hər bir abonentin özünün elektron baza sistemi var: “Həmin bazada abonentin karta ödədiyi məbləğlər əksini tapıb. Şikayətçi “Azəriqaz” ın müvafiq şöbəsinə müraciət edərək həmin saldonu əldə edə bilər. Sayğac mənfiyə o zaman işləyir ki, tutaq ki, abonent karta 5 manat pul yükləyir, amma bir müddət keçir, yüklədiyi məbləğ bitsə də, klapan bağlanmır. Yəni abonent qazdan istifadə edir. Bu o deməkdir ki, sayğacda problem var. Abonent özü buna nəzarət etməlidir. Bilməlidir ki, onun yüklədiyi 5 manatın üstündən aylar keçib, amma yenə də o qaz istifadə edir. Bu zaman müvafiq şöbəyə müraciət etmək lazım idi. Ona görə də həmin aylar ərzində abonent işlətdiyin qazın dəyərini ödəməlidir ki, ona yeni kart verilsin”.

Günel Türksoy