Uşaqların uzun müddət smartfonlardan istifadəsi ağır nəticələr verə bilir. Belə ki məktəbli uşaqların telefonla çox məşğul olması gözlərdə quruluğa gətirib çıxarır. Məktəblilər arasında smartfonların istifadəsinin onların sağlamlığına göstərdiyi təsir araşdırılaraq 300-ə yaxın uşağ müayinə edilib. Həm gözlərində quruluq olan, həm də gözləri kifayət qədər nəmlənən (kontrol) qruplara ayırıblar. Hər bir uşaq anketdə istifadə etdiyi video qurğunun növünü (smartfon, planşet, televizor) və bu məşğuliyyətə sərf etdiyi zamanı qeyd edib.
Araşdırmalara əsasən, 9,7% quru gözlü uşağa qarşı 90,3% normal nəmlənən gözlü uşaqlar çıxış etmişdir. Quru gözdən şikayət edən uşaqlar arasında müxtəlif video qurğuların istifadə faizi dəfələrlə çox olmuş, eyni zamanda bu faiz getdikcə artmaqda davam etmişdir. Smatrfon və planşetlərin istifadəsinə sərf edilən zaman artdıqca, “quru göz” sindromuna tutulma riski də artmış olur.
Uşaqlarda “quru göz” sindromun erkən yaşlarda yaranmasının qarşını almaq üçün valideynlər gündəlik olaraq, uşaqlarının video qurğularla keçirdiyi vaxtı nəzarət altında saxlamalıdırlar.
Quru gözün simptomları (əlamətləri)
Daimi quruluq, göynəmə, qızartı və yanma hissi “quru göz” sindromunun əsas simptomlarıdır. Bu əlamətlərdən biri belə sizin göz həkiminə müraciət etmək üçün səbəb ola bilər. Bu zaman göz həkimi sizin göz yaşının miqdarını ölçmək istəyə bilər. Aşağı göz qapağınızın altına qoyulan nazik filter kağızı - Şirmer testi adlanır və sizin göz yaşı sintezini müəyyən edir.
“Quru göz” sindromunun daha bir əlaməti yad cisim hissiyatıdır ki, bu zaman sanki siz gözünüzdə nəsə qalmış kimi hiss edirsiniz. Bu nə qədər qəribə səslənsə də, “quru göz” sindromu gözün sulanmasına (gözdən yaşaxma) səbəb ola bilər. Səbəb ondan irəli gəlir ki, bəzən gözün üst qişalarının quruması onda göz yaşı istehsalını artıra bilir.
Quru gözün səbəbi nədir?
Göz yaşı gözünüzü yuyaraq, onu ərtaf mühitin tozundan təmizləyir və gözümüzü nəm saxlayır. Bundan başqa, göz yaşının tərkibindəki fermentlər gözdə yaşayan mikroorqanizmləri neytrallaşdırır. Bir sözlə, gözün sağlamlığı üçün göz yaşı çox vacibdir.
Göz yaşı ümumilikdə müxtəlif elementlərdən təşkil olunmuşdur ki, onlardan biri də göz qapaqlarındakı meybomi vəziləri tərəfindən ifraz edilən yağdır. Bu yağ göz yaşının buxarlanmasının qarşısını alır. “Quru göz” sindromu zamanı göz yaşı vəziləri və ya göz ətrafı vəzilər kifayət qədər maye ifraz etmir, ya da meybomi vəzilərinin disfunksiyası yağ ifrazını azaldır ki, bu da mayenin tez buxarlanmasına səbəb olur.
“Quru göz” sindromuna çox amillər səbəb ola bilər. O, təbii qocalmanın nəticəsi kimi meydana çıxa bilər (xüsusilə qadınlarda menapauza zamanı), bir çox dərmanların (məsələn antihistamin, antidepressant, qan təzyiqi olarkən istifadə edilən və s.), parkinson zamanı istifadə edilən və ya hamiləliyə qarşı həblərin əlavə təsiri olaraq və ya sizin yaşadığınız iqlimin quru və tozlu olmasının nəticəsi kimi yarana bilər.
Əgər sizin evinizdə ya iş yerinizdə kondisioner və isidici system varsa, bu da gözlərinizin qurumasına səbəb ola bilər. Başqa bir səbəb kimi, sizin kompüterə baxan zaman gözlərinizi az qırpmanızı göstərmək olar.
Quru gözlərin müalicəsi
“Quru göz” sindromu xroniki və çox zaman inkişaf edən proses olub və səbəbindən asılı olaraq sonacan müalicə olunmur. Lakin quruluq, göynəmə, yad cisim hissiyatlarını aradan qaldırmaq mümkündür. “Quru göz” sindromunun səbəbləri çox olduğuna görə, müalicə zamanı da müxtəlif üsullardan istifadə olunur.
Qeyd: Həkimin digər yazıları və onunla əlaqə üçün bu ünvana müraciət edə bilərsiniz:
https://www.facebook.com/OftalmoloqcerrahDr.GunayAlieva