“SOCAR hər il “Petkim”ə 100 milyon dollar sərmayə yatırıb”

socar-her-il-petkime-100-milyon-dollar-sermaye-yatirib
Oxunma sayı: 1092

"Türkiyənin neft-kimya sektoru çox böyük imkanlara malikdir və hər il 6-7% böyüyür. Həmçinin Türkiyənin neft-kimya məhsulları istehsal edən yeganə inteqrasiya olunmuş müəssisəsi “Petkim”dir. “Petkim” bu gün Türkiyənin neft-kimya məhsullarına olan ehtiyacının yalnız 20%-ni təmin edə bilir".

“Qafqazinfo" xəbər verir ki, bunu bu gün İzmirdə azərbaycanlı jurnalistlər üçün keçirilən mətbuat konfransında “Petkim”in Baş direktoru Anar Məmmədov bildirib.

Onun sözlərinə görə, genişlənmə potensialı çox yüksək olan bu sektorda tələbatın ödənilməsi məqsədilə böyük sərmayələr qoyulur: "2008-ci ildən bəri SOCAR hər il “Petkim”ə təxminən 100 milyon dollar həcmində sərmayə yatırıb və onun əlavə investisiyalarının ümumi həcmi 1 milyard dollara çatıb”.

O bildirib ki, “Petkim”in 15 əsas və 6 köməkçi obyektində istehsal olunan 60 növ müxtəlif məhsul kiçik və orta müəssisələr də daxil olmaqla 6 000 istehsalçı tərəfindən istifadə olunur: “Məhsullarına yüksək tələbat olan bu şirkət 2018-ci ili 872 milyon Türk Lirəsi həcmində mənfəətlə başa vurub. 2019-cu ilin ilk 6 ayında isə fəaliyyət göstərdiyi bütün dövrlərin ən böyük məhsuldarlıq nümayiş etdirib və istehsal rekorduna imza atıb. Belə ki, cari ilin ilk yarısında 5,9 milyard TL həcmində gəlir, 439 milyon TL həcmində xalis mənfəət əldə edilib. Ötən 6 ayda “Petkim”in faiz, amortizasiya və vergidən əvvəlki mənfəəti (EBITDA) 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə 26% artaraq 890 milyon TL-yə çatıb”.

Günel Türksoy