Polşalı Yustina Kovalçik Soçidə klassik üslubla 10 kilometrədək xizəksürmə yarışında 2014-cü il Olimpiadasının qızıl medalına layiq görülərək ikiqat Olimpiya çempionu olub.
“Qafqazinfo” xəbər verir ki, bazar günü Yustina pəncə sümüklərinin sındığına baxmayaraq, Soçidə çıxışlarını davam etdirəcəyini bildirməklə öz pərəstişkarlarını heyrətləndirmişdi.
Olimpiadanın qalibi saniyəölçənini 28 dəqiqə 17,8 saniyə üzərində dayandırıb. İsveçli Şarlotta Kalla (+18,4) gümüş medal, norveçli Tereza Yoxauq isə (+28,3) bürünc medal qazanıb.
Y.Kovalçik “Facebook” sosial şəbəkəsindəki səhifəsində yerləşdirdiyi rentgen şəklinin altında belə bir yazı verib: “Bu mənim pəncəmin rentgen şəklidir. Çoxsəviyyəli sınıq. Bütün “ekspertləri” salamlayıram. Narahat olmayın. Yürüşü davam etdirəcəyəm”.
Y.Kovalçik hələ İtaliyanın Santa-Katerina şəhərində keçirilmiş məşqlərdə ayağını zədələmişdi. Bu zədə onun Olimpiya skiatlonunda altıncı yeri tutmasına mane olmadı.
Bu qızın bir dəfə öz məşqçisi Aleksandr Veretelnıya dediyi bu sözlər onun necə möhkəm xarakterli və məqsədyönlü olduğunu təsdiq edir: “Dünya kubokunda otuzuncu yerləri tutmaq üçün çox ağır məşq etmək lazımdır. Mən otuzuncu yerləri tutmaq istəmirəm, buna görə də bir az da ağır məşq edib ön yerləri tutacağam”.
Qeyd edək ki, Y.Kovalçik Soçi olimpiadasında ətraf sınığı ilə olimpiadanı davam etdirmiş ilk iştirakçı deyil. Ondan əvvəl snoubord-kross üzrə Olimpiya çempionu kanadalı Melli Riker oyunlardan əvvəl biləyini sındırsa da, yarışlardan imtina etməmişdi.
Son xəbərlər
Son Xəbərlər