Şokoladın içində narkotik keçirmək istədi - Foto

Şokoladın içində narkotik keçirmək istədi
Oxunma sayı: 916

İrandan piyada yolla gələn Azərbaycanın 3 vətəndaşı Cənub Ərazi Baş Gömrük İdarəsinin Astara gömrük postunun sərnişin idxal xəttində gömrük nəzarətinə daxil olarkən saxlanılıb və sorğu-sual edilərək onlara məxsus əl yükləri yoxlanılıb.

“Qafqazinfo" xəbər verir ki, yoxlama zamanı həmin şəxslərdən birinin təqdim etdiyi yük çantasındakı 4 ədəd şokolad qutusunda yad predmetin olduğu müəyyən edilib və qutulara gömrük baxışı keçirilib.

Qutulardan "Nani", "Eterno" markalı şokoladlarla yanaşı, həmin məhsulların qablaşdırmasına yerləşdirilərək gömrük nəzarətindən gizlədilən, içərisində narkotik və psixotrop maddə olan 24 ədəd uzunsov büküm aşkarlanıb.

Aşkar edilən bükümlərdən 17-də ümumi çəkisi 196 qram təşkil edən ağ rəngli, kristal şəkilli psixotrop maddə - metamfetamin, 6-da ümumi çəkisi 191 qram təşkil edən açıq qəhvəyi rəngli narkotik vasitə - heroin, 1-də isə təqribi çəkisi 1 qram təşkil edən qara rəngli narkotik vasitə - tiryək, həmçinin 10 ədəd üzərində "FM 40" yazısı olan açıq qəhvəyi rəngli həb - metadon olduğu məlum olub.

Qeyd edək ki, Metadon "Azərbaycan Respublikasının ərazisində dövriyyəsi məhdudlaşdırılan narkotik vasitələri"nin II Siyahısına daxildir.

 



Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi