“Son 19 ildə 23 mindən çox cinayətkar qrup və dəstə zərərsizləşdirilib” - Vilayət Eyvazov

son-19-ilde-23-minden-cox-cinayetkar-qrup-ve-deste-zerersizlesdirilib
Oxunma sayı: 2751

Azərbaycan Polisinin yaranmasının 104-cü ildönümü münasibətilə daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov başda olmaqla Nazirliyin rəhbər heyəti Fəxri xiyabana gələrək ulu öndər Heydər Əliyevin abidə kompleksi önünə tər çiçək dəstələri düzüblər. Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın xatirəsi ehtiramla yad edilib.

DİN-dən "Qafqazinfo"ya verilən məlumata görə, sonra respublikanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş mərd mübarizlərin uyuduğu Şəhidlər xiyabanı ziyarət olunub.

İyulun 2-də Daxili İşlər Nazirliyinin Polis Akademiyasında Azərbaycan Polisi Gününə və 2021-2022-ci tədris ilinin buraxılışına həsr olunmuş təntənəli mərasim keçirilib. Respublikanın daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov tədbirdə iştirak edib.

Əvvəlcə xalqımızın ümummilli lideri Heydər Əliyevin, ölkəmizin suverenliyi və ərazi bütövlüyü uğrunda şəhidlik zirvəsinə ucalmış, xidməti borcu yerinə yetirərkən həlak olmuş polis əməkdaşlarının xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

General-polkovnik Vilayət Eyvazov əlamətdar gün münasibəti ilə Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin tapşırığına əsasən, zati-alilərinin təbriklərini və ən xoş arzularını şəxsi heyətə çatdırıb.

Nazir bildirib ki, indiyədək qanunla müəyyən edilmiş vəzifələri yerinə yetirərkən daxili işlər orqanlarının və Daxili Qoşunların 114 əməkdaşı və hərbi qulluqçusu həlak olub, 2792 nəfər xəsarət alıb.

Həmçinin bildirib ki, son 19 ildə 23 mindən çox cinayətkar qrup və dəstə zərərsizləşdirilib, əllərdə qanunsuz saxlanılan 18 minə yaxın odlu silah yığılıb və onun tətbiqilə törədilən hüquqazidd əməllərin sayı xeyli azalıb. Cinayətlərin orta hesabla 84 faizinin açılması təmin olunub, axtarışda olan 62 mindən çox təqsirləndirilən şəxs tutulub, qanunsuz dövriyyədən 17 tona yaxın narkotik vasitə çıxarılıb. Respublikada əhalinin hər 100 min nəfərinə düşən cinayətlərin sayı bu gün də əksər dünya ölkələri ilə müqayisədə xeyli azdır.

O da qeyd olunub ki, pandemiya səbəbindən yaranmış müəyyən fasilədən sonra Azərbaycan yenidən beynəlxalq əhəmiyyətli tədbirlərə ev sahibliyi edir, aidiyyəti dövlət orqanları ilə qarşılıqlı əlaqədə ölkəmizdə, o cümlədən mədəniyyət paytaxtı olan Şuşa şəhərində keçirilən kütləvi və beynəlxalq tədbirlər zamanı ictimai qayda və təhlükəsizlik təmin edilib.

Daxili işlər naziri Vilayət Eyvazov təntənəli mərasimin iştirakçıları adından Azərbaycan Prezidenti İlham Əliyevi əmin edib ki, öz andına həmişə sadiq olan və dövlətçiliyin keşiyində əzmlə dayanan daxili işlər orqanları bundan sonra da Vətənə və xalqa şərəflə xidmət edəcək, bu yolda qüvvə və bacarığını əsirgəməyəcək.

Daxili işlər naziri Polis Akademiyasını fərqlənmə ilə bitirmiş məzunlara diplomları və "polis baş leytenantı" xüsusi rütbələrinin paqonlarını da təqdim edib.

Təntənəli tədbirin sonunda şəxsi heyət mətin addımlarla tribunanın qarşısından keçib.