Son 3 ildə formalaşan Koordinasiya Şuraları - Pərakəndəlikdən mütəşəkkilliyə aparan yol

son-3-ilde-formalasan-koordinasiya-suralari
Oxunma sayı: 1576

Dünya azərbaycanlılarının həmrəyliyi, onların tarixi Vətən naminə birliyi Ulu Öndərin ən böyük arzularından biri idi. Həmrəyliklə bağlı məfkurənin formalaşması və onun vahid dövlət siyasətinə çevrilməsi də məhz ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. “Biz gərək milli mənliyimizi həmişə yüksəkdə saxlayaq.... milli mənliyimizi gərək itirməyək...” ifadəsi isə bir örnək kimi xaricdə yaşayan soydaşlarımızı Azərbaycana və azərbaycançılığa sadiq olmağa, vətənə sədaqət göstərməyə  çağırırdı.

Ulu Öndərin ideyalarını davam və inkişaf etdirən Azərbaycan Respublikasının Prezidenti İham Əliyev də milli həmrəylik ideyalarının Azərbaycan dövləti üçün aktuallığını qeyd edərək, artıq soydaşlarımızın təşkilatlandığını, dünyada güclü Azərbaycan diasporu olduğunu bildirir: “Bu gün Azərbaycan diasporu böyük iqtisadi, mədəni, intellektual qüvvəyə malikdir. Yaşadıqları ölkələrin ictimai-siyasi həyatında onların təsiri getdikcə daha artıq hiss olunur... Lakin o da xüsusi vurğulanmalıdır ki, onların geniş imkanları, istifadə olunmamış potensialı vardır və bu potensialdan milli maraqlar naminə maksimum yararlanmaq lazımdır”.

Həqiqətən də müasir dövrdə dünya azərbaycanlılarının milli maraqlar naminə həmrəy olması və güclü təşkilatlar ətrafında birləşməsi üçün daha geniş imkanlar yaranıb. Azərbaycan dövləti nüfuzlu iqtisadi və siyasi gücə çevrilmiş, bununla da  dünyada yaşayan soydaşlarımız qarşısında parlaq perspektivər açılmış, fəaliyyət imkanları genişlənmiş, lobbiçiliyə aparan yollar münbitləşmişdir. Çünki  Azərbaycanın siyasi rəhbərliyi dünya azərbaycanlılarının Vətənimizə və xalqımıza mənsubluq hissini gücləndirmək, onların ölkəmizin sosial-iqtisadi, milli-mədəni həyatında hərtərəfli iştirakını təmin etmək üçün bütün zəruri tədbirləri həyata keçirməkdədir.

Ölkə başçısının tapşırıqlarına uyğun olaraq, bu istiqamətdə ardıcıl işlər görən, davamlı tədbirlər reallaşdıran Diasporla İş üzrə Dövlət Komitəsinin fəaliyyəti nəticəsində, artıq soydaşlarımıza arasında yeni ab-hava, etimad mühiti formalaşmışdır. Təhlillər göstərir ki, indi hər kəs Azərbaycana bağlı  olduğunu həyatının hər anında yada salır və özünə “mən vətən üçün nə edə bilərəm” sualını verir. Məhz, soydaşlarımızın azərbaycançılıq ruhunda köklənməsinin nəticəsidir ki, artıq dünyada azərbaycanlıların təşkilatlanması yeni bir mərhələyə keçib. Almaniyada, Fransada, İsveçrədə Azərbaycanlıların Koordinasiya Şurasının yaradılması bunun bariz nümunəsidir. Artıq soydaşlarımız, diaspor təşkilatları ölkə başçısının çağırışlarına səs verərək və “Güc birlikdədir” ifadəsinə söykənərək birgə fəaliyyətə qərar verirlər. Koordinasiya Şuralarının yaradılması da, məhz bu istəkdən, bu zərurətdən irəli gəlir. Bu gün artıq 27 ölkədə fəaliyyət göstərən 130-dan çox diaspor təşkilatını özündə birləşdirən 13 Koordinasiya Şurası formalaşıb.

Bəs Koordinasiya Şurası nədir, təşkilatdırmı, birlikdirmi?

Araşdırmalardan aydın olur ki, Koordinasiya Şurası təşkilat deyil və təşkilat olmadığı üçün də heç bir strukturu da yoxdur. Sadəcə, bu, diaspor təşkilatlarının, soydaşlarımızın fikir və layihələrinin, çətinliklərinin müzakirə edilib, birgə qərarların qəbuluna xidmət edən bir formatdır. Şurada istər təşkilatlar, istərsə də ayrılıqda fərdlər təmsil oluna, müzakirələrdə iştirak edə bilər. Bu şuralarda kimsə səs üstünlüyünə malik deyil. Bu isə o deməkdir ki, Şura layihə və təkliflərin müzakirə panelidir, təşkilati strukturu, mənzil qərargahı yoxdur və müzakirələr əvvəlcədən razılaşdırılmış istənilən yerdə keçirilə bilər.   

Əslində, Koordinasiya Şurası qərarların birgə (kollegial) qəbuluna imkan yaratmaqla, vahid rəhbərlikdən həmsədrliyə yönəlməyi təmin etməklə diaspor hərəkatında “mən”dən “bizə” keçidə zəmin yaradacaqdır və bunu artıq aparılan səmərəli fəaliyyət istiqamətləri də təsdiqləyir. Bu isə birliyin, birgə fəaliyyətin zəruri şərtlərindən biri kimi gələcəkdə daha ciddi uğurlara imza atmağa, daha təsirli çıxışlara gətirib çıxaracaqdır. Nəhayət, Koordinasiya Şuraları ümummilli liderin dünya azərbaycanlılarının birləşdirilməsi arzusunu reall və təsirli, çevik bir müstəvidə güclü bir hərəkata  çevirəcək. Və nəhayət, hər bir azərbaycanlı, hər bir soydaşımız onun arxasında güclü və müstəqil Azərbaycanın dayandığını hiss edəcəkdir.   

Ölkə Prezidenti cənab İlham Əliyevin dediyi kimi: “Müstəqil Azərbaycan bütün azərbaycanlıların vətənidir. Bizim bir vətənimiz var – Azərbaycan! Bizim bir dilimiz var – Azərbaycan dili! Bizim ümumxalq ideologiyamız var  Azərbaycançılıq məfkurəsi! Mən arzu edirəm ki, dünyada yaşayan bütün azərbaycanlılar həmişə bir yerdə olsunlar. Həmişə bilsinlər ki, onların arxasında güclü Azərrbaycan dövləti dayanır və onlar hər zaman Azərbaycan dövlətinə arxalana bilərlər”.