Son 50 ildə ilk dəfə...

son-50-ilde-ilk-defe
Oxunma sayı: 6398

İqtisadçı ekspert Rövşən Ağayev son günlər virus bitdikdən sonra dünya iqtisadiyyatının nə dərəcədə sürətli bərpa edilə biləcəyilə bağlı gedən müzakirələrə münasibət bildirib. “Qafqazinfo” xəbər verir ki, eskpert qeyd edib ki, son 50 ildə baş verən böhranlardan sonrakı dinamikanı izləmək bu baxımdan maraqlıdır:

1973-75-ci illərin böhranında qlobal iqtisadi artım tepmi 6.3%-dən 0.6%-ə düşdü. 1976-cı ildə iqtisadi artım eyni sürətlə bərpa oldu - 5.7%. Amma 1977-ci ildə sürətlə eniş başladı və 1982-ci ildə ən aşağı həddə - 0.4%-ə düşdü.

Bu müddət baş verən böhran neft bazarlarından qaynaqlanan böhranlar idi. Ərəb ölkələrinin ABŞ-a neft satışına qoyduğu embarqolarla başlayan neft savaşı qısa müddətə neftin qiymətini 10 dəfəyədək artırdı (8 ildə 3 dollardan 32 dollara qədər). Nəticədə, real sektor yüksək neft qiymətlərinə dözməyib ciddi böhrana girdi. Yüksək neft qiymətləri qlobal miqyasda yüksək inflyasiya ilə müşaiyət olunmağa başladı (məsələn, ABŞ-da həmin illərdə 15-18% intervalında).

Neftin ucuzlaşması ilə iqtisadi artım dərhal bərpa edilməyə başladı. 1983-87-ci illərdə artıq 3.5-4.5%-lik artım bərpa edilmişdi.
1987-ci ildə ABŞ-ın fond bazarının tarixinə "qara çərşənbə" kimi düşən hadisə ilə daha çox yadda qalan maliyyə böhranı çox genişlənmədən qısa müddətdə aradan qalxdı və Körfəz müharibəsi başlayana qədər qlobal iqtisadi artım tempində ciddi zəifləmə olmadı.

1990-91-ci illərdə Çinin də daxil olduğu nəhəng sosializm iqtisadi ukladının çökməsi, Körfəz müharibəsi, yüksək neft qiymətləri iqtisadi artımı yenidən kəskin şəkildə aşağı çəkdi. 1998-89-cu ildəki 3.5-4%-lik artımdan 1.5%-ə düşdü.
1997-ci ildən başlayan maliyyə böhranına qədər yenidən 3-3.5%-lik artım 1998-ci ildə neft bazarının çöküşü və maliyyə böhranın təsirilə 2% səviyyəsinə qədər zəiflədi.

2000-ci illərin əvvəlində ABŞ-da texnoloji nəhənginin çökməsi, "Əkizlərə" hücum yenidən 3-4%-lik qlobal artımı 1.9%-in altına saldı.
2003-2007-də aralığında neft bazarlarında başlayan yüksəlişlə müşahidə olunan qlobal artım 3-4.3% intervalında dəyişdi, 2009-da qlobal maliyyə böhranı 1.7%-lik iqtisadi daralmaya gətirib çıxardı.

Bura qədər sadaladığım 40 ilik böhranların heç birində qlobal iqtisadi azalma olmamışdı. Bunun səbəbi 2008-2009-cu il böhranın daha dərin olması və bütün ölkələri əhatə etməsi idi. Məsələn, 1997-1998-ci ilə maliyyə böhranı əsasən Asiya ölkələrini və Rusiyanı vurdu.
2010-da qlobal iqtisadi artım həddən artıq sıçrayışla bərpa olundu - 4.3%.
Ondan sonrakı 8 ildə, yəni 2011-2019-cu illərdə qlobal iqtisadi artım daha sabit oldu və 2.6-3.3% aralığında dəyişdi”.
İqtisadçı bildirib ki, hazırda 2009-cu ildən sonra axır 50 ildə ilk dəfə qlobal artımda azalma qeydə alınacağı artıq realdır: “Ən müxtəlif ssenarilərlə 2%-dən 4%-dək.

İndiyə qədər olan böhranlardan görünən 2 hal var

1) düşüş daha sürətli olur, əvvəlki səviyyəyə artımın bərpası daha gec baş verir; 
2) kəskin enişdən sonra artımın bərpa sürəti böhranın xarakterindən asılı olur. Məsələn, maliyyə böhranları real sektora keçmədiyi halda artım böhrandan sonrakı ildə dərhal bərpa oluna bilir.
Neft birjalarındakı təlatüm və yüksək inflyasiya ilə real sektor böhranı yaşandıqda bərpa üçün ən azından 2-3 il lazım olur.
Son 50 ildə virus mənşəli, bütün iqtisadi sistemin dayanmasından dolayı böhran olmadığı üçün anologiya aparmaq olmur.
Proqnozum odur ki, indiyə qədərki ənənəvi böhranlardan fərqli olaraq,bu qeyri-adi böhrandan sonra bərpanın eyni sürətlə bərpa olunacağı real görünmür.

Çünki bu böhranda əhalinin və biznesin davranışına əsaslı təsir göstərən sosial-psixoloji məqamlar da var. Onlar davranışlara uzun müddət təsir edəcək. Məsələn, Çinlə iqtsadi əlaqələrin bərpası zaman aparacaq. Virusun tam dayanması ilə bağlı rəsmi xəbərlər belə həmən güvən qazanmayacaq. İqtisadi əlaqələrin tam bərpası insanlar psixoloji olaraq virusa qalib gələndən sonra mümkün olacaq.
Hələ onu demirəm ki, tam bərpa üçün başqa şərtlər də var. Məsələn, Çin dünyada ən nəhəng işçi qüvvəsi ixrac edən ölkədir. Onun iqtisadi sabitliyi böhrana qədər xaricdə işləyən milyonlarla insanın da əvvəlki kimi öz işlərinə qayıtmasından asılı olacaq. Çünki ölkə daxilində onları işlə təmin etmək gərginlik yarada bilər.

Yaxud maliyyə-bank sektoru həddən artıq yüklənib - belə vəziyyətə bərpa dövründə real sektorun sürətli dirçəlişi üçün resurslarda axsama olmayacaq ki? Ən nəhayət, böhranın çökmə həddinə gətirdiyi inkişaf etməkdə olan ölkələrin, eləcədə bir çox şirkətlərin borc böhranı maliyyə böhranını tətikləməyəcək ki?”.

Günel Türksoy