Son 9 ayda əhalinin gəlirləri azalıb, inflyasiya 5,2 faizə çatıb

son-9-ayda-ehalinin-gelirleri-azalib-inflyasiya-52-faize-catib
Oxunma sayı: 1195

İqtisadçı ekspert Rövşən Ağayev Dövlət Statistika Komitəsinin açıqladığı 9 aylıq iqtisadi nəticələrə münasibət bildirib. 

“Qafqazinfo” xəbər verir ki, onun sözlərinə görə, rəsmi statistikaya əsasən, arxada qalan 3 rüb ərzində iqtisadi artım 4.8%, o cümlədən qeyri-neft sektoru üzrə 6.2%, qeyri-neft sənayesi üzrə isə 19.6% artım olub: “İlin sonunadək hazırkı artım qalsa, gələn il iqtisadiyyat ən azı 2% artsa, 2022-ci ilin sonunda iqtisadiyyatın miqyası 2019-cu ildəki səviyyəyə çatacaq. Çünki 2020-ci ildəki azalma kifayət qədər yüksək olub.

Digər tərəfdən, hazırkı artım yüksək olsa da, əhalinin rifahı bu artımdan pozitiv təsirlər görmür. Çünki əhalinin hər nəfəri hesabı ilə nominal gəlirləri cəmi 1.5%, orta aylıq nominal əmək haqqı 2.2% artdığı halda, inflyasiya 5.2%-ə çatıb. Bu o deməkdir ki, əhalinin real gəlirləri 3.5%-ə yaxın azalıb. Sadə desək, orta statistik azərbaycanlının nominal gəlirləri ötən ilə nisbətən 3.5% daha az istehlakı təmin edir. 

Yüksək iqtisadi artımların təsiri büdcə gəlirlərində də özünü göstərməyib. Ötən ilin eyni dövrünə nisbətən 9 ayda büdcə mədaxili 0.5% azalıb.
Yəni iqtisadi artım öz-özünə məqsəd deyil - bu böyümə ilk növbədə cəmiyyətin rifahında özünü göstərməlidir”.

Onun sözlərinə görə, vacib məqamlardan biri də qeyri-neft sənayesində yüksək iqtisadi artımın nə dərəcədə özəl biznes hesabına baş verməsidir: “Artımın inkluziv olması, iqtisadiyyatın sahə və məşğulluq strukturu baxımından bütün seqmentlərdən qaynaqlanması çox önəmlidir. Təəssüf ki, mövcud statistika özəl və dövlət sektoru üzrə iqtisadi artım tempini açıqlamır. Lakin bəzi açıq məlumatlar mənzərəni müəyyən qədər görməyə imkan verir. 

Məsələn, qida sənayesi əsasən özəl sektora aiddir. Bu seqmentdə istər əksər məhsul növləri üzrə natural ifadədə, istərsə də seqment üzrə dəyər ifadəsində artımlar qeyri-neft sənayesində yaranan əlavə dəyərin artım tempindən əhəmiyyətli dərəcədə geri qalır. Hətta bəzi məhsul növlərinin istehsalında kəskin azalmalar var. Amma, məsələn, əsasən dövlət sektoruna aid olan kimya sənayesində çox yüksək artım (88%) qeydə alınıb. Şübhəsiz ki, qeyri-neft sənayesində bu seqment üzrə artımın təsiri həlledici olub”.

Neft-qaz araşdırmaları mərkəzinin rəhbəri İlham Şaban isə qeyd edib ki, qeyri-neft sənayesinin 19,6%-lik artımının əslində 90%-i SOCAR-a daxil olan Karbamid, Socar Polymerin 2 zavodu, modernizasiyası yekunlaşan “Azərkimya” zavodları və Socar Metanol zavodları hesabına əldə edilib: "Bunlar təzə zavodlardır və istehsal artıma gedir ki, layihə gücünə çıxsınlar. Təbii ki, 2023-2024-dən sənayedə 5%-lik artım olsa, böyük şeydir”.

Günel Türksoy