Bakı Metropoliteninin rəisi Tağı Əhmədov vəzifəsindən azad olunandan sonra qurumun statusunun və rəhbərliyinin dəyişdirilməsi artıq öz nəticələrini göstərməyə başlayıb.
Belə ki, qurumun yeni rəhbərliyi ilk olaraq metrodakı illərdir fəaliyyət göstərən və sərnişinlərin metroya giriş-çıxışlarını demək olar ki, mümkünsüz edən köşklərin yığışdırılmasına start verib. Bu proses satıcıların etirazları ilə müşayiət olunsa da, bu gün metropoliten tərəfindən verilən son açıqlama göstərir ki, bundan sonra metroda köşk olmayacaq.
Belə bir məqamda “Qafqazinfo” təkcə Nərimanov metrostansiyasındakı giriş və çıxışındakı durumdan fotoreportaj edib. Həmin acınacaqlı görüntüləri oxuculara təqdim edirik.
Eyni zamanda bildirək ki, bu köşklərin hər birindən ayda 1000-1500 manat arası icarə haqları toplandığı və həmin vəsaitləri Tağı Əhmədovun şəxsi büdcəsinə yönəldiyi haqda məlumatlar var. Yəni metrodakı köşklərdən toplanan milyonlar Metropolitenin büdcəsinə daxil olunmayıb.
Bu arada qeyd edək ki, bir neçə gün əvvəl “Qafqazinfo”ya açıqlama verən satıcılardan biri onlardan hər ay kirayə haqqı toplayan şəxsin də aradan çıxdığını bildirmişdi.
Xatırladaq ki, qurum rəhbərliyi satıcılara köşklərin boşaldılması üçün martın 27-dək vaxt verib.