Sonsuz...

sonsuz
Oxunma sayı: 1212


Dünya bir pəncərədir,-deyirlər-hər gələn baxıb gedərmiş...

Bu qədər haqsızlığı, ədalətsizliyi gördükcə istəyirsən ki, dünya bir qapı olsun və sən pəncərəyə baxdığın kimi baxıb getməyəsən.

O qapını çırpıb gedəsən.

Özü də birdəfəlik.

Yeni bir dünya qurula bu dünyaya alternativ.

2x2=5 ola; mübtəda xəbərdən sonra yazıla; düşmən və silah sözü leksikondan çıxarıla; adamlar bir parça çörəyini bölməyi bacara; yer kürəsi fırlanıb çalxalanmaya həmin dünyada...

Öz oxu ətrafında fırlanan yer kürəsini yandırıb üstündən hoppanasan.

Bütün ağırlığın-uğurluğun orda qala.

Külünü də aparıb Hindistanın Varanasi şəhərinə atasan.

Axa gedə Qanq çayının sularında.

Son dəfə bulana Qanq...

Son dəfə çirklənə. Son tüstüsünə şahid ola Varanasi...

Sərhədlər olmaya. Bütün dünya insanların ola.

İnsan amili hökmranlıq eləyə.

Son verilə torpaq davalarına. Nəhayət, dərk edilə ki, öləndə insana biradamlıq ərazi bəs edəcək.

Ən dar və zülmət yer!..

Uğrunda müharibələr aparılan, üstündə qanlar tökülən torpağın yalnız 3-4 metri qalır adama.

İsgəndərə, Napoleona, Hitlerə... qalmayan torpaqlar.

Kim hara istəsə, gedə bilə. Vətənində əsir düşməyəsən, ələ keçmək qorxusu ilə yaşamayasan.

Dənizlər, təbiət hasarlanmaya.

Hər şey insan naminə var ola! Qanunlar insanlara xidmət edə...

Reallıqla barışan, düzlükdən, doğruluqdan əli üzülən, bu dünyanın düzəlməyəcəyini dərk edən adamın arzularıdı bunlar.

Reallaşmayacağını bilə-bilə düşündüyün arzular yuxulardan da əlçatmazdır. Nəinki həyata keçmək, yozulmaq şansından da məhrumdu çünki.

Qanunlar işləməyən, haqsızlıq baş alıb gedən dünyada əlac insanın xəyallarla, arzularla özünü ovutmasına qalır.

Hər iki mənada SONSUZ arzularla...