“Sonsuz dəhliz” filmi İsveçdə

sonsuz-dehliz-filmi-isvecde
Oxunma sayı: 818

Fevralın 18-də İsveçin paytaxtı Stokholm şəhərinin mərkəzində yerləşən “Zita” Teatrında ABŞ və Litvanın birgə istehsalı olan, çoxsaylı mükafatlar qazanmış “Sonsuz dəhliz” (“Endless Corridor”) adlı müstəqil sənədli filmin nümayişi və “Müharibə cinayətinin Xocalı şahidi. Ermənistan müttəhim kürsüsündə” kitabının da təqdimatı keçirilib.

"Qafqazinfo"nun məlumatına görə, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın rəhbərliyi ilə həyata keçirilən “Xocalıya Ədalət !” təbliğat-təşviqat kampaniyası çərçivəsində Avropa Azərbaycan Cəmiyyəti (TEAS) tərəfindən təşkil edilmiş anım mərasimi 26 fevral 1992-ci il tarixində baş vermiş Xocalı qətliamı qurbanlarının əziz xatirəsinə ithaf olunub.

Çoxlu sayda siyasətçi, diplomat, tanınmış ictimai şəxs və media nümayəndələrinin, Azərbaycanın İsveçdəki səfirinin qatıldığı tədbirdə çıxış edən TEAS-ın direktoru Lionel Zetter deyib: “TEAS, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın təşəbbüskarı olduğu “Xocalıya Ədalət !” beynəlxalq məlumat kampaniyası çərçivəsində bu tədbirləri keçirməkdən qürur duyur”.

O bildirib ki, “Xocalıya Ədalət” beynəlxalq kampaniyası 2008-ci ildə başlanılıb. Bu kampaniyanın qısa zaman kəsiyində geniş vüsət alması regionda ədalətin bərqərar edilməsində beynəlxalq dəstəkdir. Bu dəstək Avropa, Amerika, Asiya və Afrikada 100-dən artıq ölkədə tədbirlərin keçirilməsi ilə ifadə olunub. TEAS “Xocalıya Ədalət !” kampaniyası çərçivəsində Afina, Berlin, Brüssel, Florensiya, İstanbul, London, Paris, Strasburq və Vilnüsdə tədbirlər təşkil edir.

““Sonsuz dəhliz” filmi Xocalı faciəsinin şahidi olan litvalı jurnalist Riçard Lapaitisin qətliamdan xilas olmuş hadisə şahidləri ilə görüşlərində lentə alınmış xatirələri əsasında qurulub. O, qətliamdan xilas olmuş, gözləri qarşısında yaxınları qətlə yetirilmiş insanların bu xatirələrlə necə yaşadıqlarını öyrənmək arzusu ilə geri dönüb.

Rusiyalı jurnalist Viktoriya İvleva da iki günlük körpəsini həmin qətliamdan xilas edən ana – Mehribanla görüşüb. Bu hekayələr həyatları öz doğma torpaqlarında erməni işğalı nəticəsində məhv olmuş insanların hekayələridir" deyə L. Zetter bildirib.

Hüquq müdafiəçisi Andres Qomes bu cür dəhşətli qəddarlıq hadisəsi barədə xəbər tutmaq üçün Dağlıq Qarabağ kimi həll olunmamış münaqişələr barədə ictimaiyyəti məlumatlandırmağın vacibliyini qeyd edib.

Film ssenaristi Smilla Sahlquist bu filmi “ürəyinizi yerindən tərpədən təsirli sənədli film” adlandırıb. O, əlavə edib ki, “bu film insanın vicdanına müraciət edir və cavab tələb edir.”

Filmin fasiləsi zamanı həmçinin “Müharibə cinayətinin Xocalı şahidi. Ermənistan müttəhim kürsüsündə” kitabının da təqdimatı olub. 

Kitabın redaktoru İan Peart kitabında qurbanların günahsızlığını yazıb, beynəlxalq ictimaiyyəti faktlarla təmin edib:

“Ümid edirəm ki, bu kitabı oxuyandan sonra insanlar özlərinə sual edəcəklər: “Kömək etmək üçün mən nə edə bilərəm?”.

Kitaba Xocalı hadisələrinin canlı şahidləri ilə müsahibələr, beynəlxalq mətbuatda dərc olunmuş materiallar, xarici tədqiqatçıların araşdırmaları, beynəlxalq təşkilatlardan hesabatlar və xarici fotoqraflar tərəfindən çəkilmiş nadir şəkillər daxildir.

2015-ci ildə beynəlxalq səviyyədə uğurla keçən premyerasından sonra, “Sonsuz dəhliz” filmi bütün dünyada kino tənqidçilər tərəfindən rəğbətlə qarşılanmışdır. Bu film Madrid şəhərində keçirilən “Tenerife” Beynəlxalq Film Festivalında “Ən yaxşı sənədli film” və “Sənədli filmin ən yaxşı rejissoru” mükafatlarına, Milan Beynəlxalq Kinematoqrafçılar Festivalında “Sənədli filmin ən yaxşı montajı” mükafatına, eləcə də, ABŞ-da keçirilən Akkolade Qlobal Film Müsabiqəsində iki mükafata – 2015-ci ilin may ayında “Ən yaxşı tamaşa” və 2016-cı ilin yanvar ayında “Humanitar” mükafata layiq görülmüşdür.

Film “Xocalıya ədalət” təbliğat-təşviqat kampaniyası çərçivəsində Türkiyənin “Kanal 24”, “CNN Türk”, Albaniyanın Milli Televiziyasında, İsrailin“Channel 1” və “Eurochannel” televiziya kanalında nümayiş etdirilib.