Sor-Sor kəndində səyyar qəbul keçirilib - Foto

sor-sor-kendinde-seyyar-qebul-kecirilib
Oxunma sayı: 1317

Oktyabrın 10-da Kürdəmir rayon İcra Hakimiyyətinin Başçısı Ceyhun Cəfərovun rayonun Sor-Sor kəndində növbəti səyyar qəbul-görüşü keçirilib.

“Qafqazinfo” xəbər verir ki, Sor-Sor kənd tam orta məktəbində keçirilən qəbulda rayon icra hakimiyyətinin məsul işçiləri, hüquq mühafizə orqanlarının, səhiyyə, təhsil, mədəniyyət, digər xidmət təşkilatlarının rəhbərləri,Muradxan kənd inzibati ərazi dairəsinə daxil olan Sor-Sor, Muradxan və Çöl-Ərəb kəndlərinin sakinləri iştirak ediblər.

Kürdəmir rayonunda görülmüş işlər barədə geniş məlumat verən Ceyhun Cəfərov Muradxan kənd inzibati ərazi vahidliyində də xeyli abadlıq, quruculuq, təmir-bərpa işlərinin aparıldığını, bütün potensial imkanlar nəzərə alınmaqla bir çox layihələrin uğurla icra olunduğunu, sakinlər tərəfindən qaldırılan problemlərin həlli istiqamətində daim tədbirlərin görüldüyünü diqqətə çatdırıb. Rayon rəhbəri vurğulayıb ki, uzunluğu 34,5 km olan Pirili-Muradxan-Sor-Sor avtomobil yolunun tikintisi ilə kənd sakinlərinin gediş-gəlişi, yük və sərnişin daşınması daha da asanlaşacaq, ən əsası bölgədə kənd təsərrüfatının inkişafında geniş imkanlar yaradacaq.

Səyyar qəbulda iştirak edən kənd sakinləri çıxış edərək kəndə gələn su kanallarının təmizlənməsi, ünvanlı sosial yardımın verilməsi, təhsil məsələləri, örüş sahəsinin ayrılması, torpaq məsələləri və digər problemlərin həllinə köməklik göstərilməsini xahiş ediblər. Bütün bunlar nəzərə alınaraq qaldırılan məsələlərin həll olunması üçün rayon İcra Hakimiyyətinin Başçısı yerindəcə aidiyyatı təşkilatların rəhbərlərinə göstəriş və tapşırıqlarını verib.

Ceyhun Cəfərov cari məsələlərin həlli üçün müvafiq strukturların rəhbərlərinə konkret tapşırıqlarını verib.