“Şortiklə gəl”ənə endirim -

sortikle-gelene-endirim-
Oxunma sayı: 1190


Paytaxt mağazalarında kələk küləyi əsir. Bütün məhsulların alveri yoxdur deyə, yalançı endirim kampaniyaları ilə camaatın gözünü boyayırlar. Belə cazibəli endirimlər ən çox da geyim mağazalarındadır. Azərbaycanda tekstil, yüngül sənayenin boğulduğu bir vaxtda ölkəyə kifayət qədər ucuz , ən axırıncı keyfiyyətə məxsus mallar daşınır. Əlbəttə, bu məhsulları sırımaq üçün variantlar işlətməkdən başqa çarə görmürlər. Müşahidə edəndə belə qənaətə gəlmək olar. Endirim kampaniyaları iki formada alıcını ovsunlamağa çalışır. “1+1” forması və “-dək” şəkilçisindən istifadə. Birinci halda güya mağazadan bir məhsul alana ikinci məhsul hədiyyə olunur. 

Mağazaya daxil olub təklif edilən məhsulların qiymətinə baxanda məlum olur ki, həmin bir məhsulun qiyməti hədiyyənin qiymətini də artıqlaması ilə ödəyir. İkinci hal isə şəxsən məni qıcıqlandıran məqamlardandır. Mağazanın eşiyində, hər tərəfdə, az qala küçədə asfalta da “50 %-dək”, “70 %-dək” da sözlərini yapışdıralar. Guya bu mağazada yüksək endirim var, alıcı bazarlıq etsə kar edəcək. Fikir vermisinizsə, belə endirim tablolarında “–dək “ şəkilçisi çox kiçik şriftlə yazılır. Nəzərə alsaq ki, balıq, balıq yağına həsrət camaatımızın zəif gözləri də həmin şəkilçini çətinliklə seçir. Onda mağaza rəhbərliyi alıcı ovunu ilk mərhələdə qazanmış olur. Daxil olduğun mağazada necə olursa, əl atdığın mallar adamı köhnə qiyməti ilə dindirir. Satıcı ilə faiz söhbətlərinə başlayırsan, deyirlər ki, endirim hər məhsula aid deyil. Diribaş alıcı oyuna gəldiyini anlayıb dərhal oranı tərk etməli olur. Deməli, alıcı sevinməli olduğu halda peşəkarcasına aldanır. Bəli, bu dünyada movcud ticarət fırıldağının bir hissəsidir. Amma bu qədər də olmaz. Bir ara İqtisadi İnkişaf və Sənaye Nazirliyi yalançı mağazaların endirim kampaniyaları ilə bağlı reydlər keçirmişdi. Düzü, az da olsa tədbirlər görülmüşdü. Amma bu aralar nə isə səs-soraq yoxdur.

İndi sizə deyəcəyim endirim kampaniyası isə misli görünməmiş mağaza sahibinin kreativ “ağlın”dan xəbər verir. Sosial şəbəkədə reklamı görəndə inanmamışdım, hətta şirkətin qondarma səhifəsinin olduğunu belə düşündüm. Bu aralar Hafiz Hacıyevin əlində “kislota” ilə dolaşdığı vaxtda reklam gülməli gəldi. Ərinməyib, bizə yaxın “Kontakt-home” mağazasına daxil olub ehtiyyatla soruşdum. Satıcının gülərək və sevincək reaksiyasından hər şey məlum oldu. Sən demə, mağazaya şortiklə gələnə məhsulların alışında 20% endirim olur. Aydın oldu ki, mağaza rəhbərləri “şortik” və “kislota” ikiliyinin məşhurluğundan istifadə ediblər. Ən azı özlərinə gülünc olduğu qədər səs gətirir, alıcıları ələ ala bilirlər. Belə çıxır ki, “şortik”geyinənləri topa tutanlar da qısa müddətdə əqidələrinə xəyanət edə bilərlər, təki endirim olsun. Ya da, sabah alt paltarı ilə, çılpaq gələnə daha yüksək endirim olması kimi təkliflər də istisna deyil. Çoxuna bu əxlaqı məqam kimi görünməyə də bilər. Məsələ ondadır ki, bu insanların geyim tərzinə müdaxilədir, insanları geyiminə görə saymağı sübut edən axmaq misaldır, məsxərədir. Satılmayan telefon, planşet üçün belə səviyyəsiz addım atmağa dəyərmi? Hafiz Hacıyevin hesabına xal toplamaqdansa, hafizənizi təzələyin, cənablar!

“Qafqazinfo”