Sosial bombamız çatmır

sosial-bombamiz-catmir
Oxunma sayı: 1565


Millət vəkili Vahid Əhmədov deyir, qiymətlərin qalxması sosial gərginlik yaradacaq. Neçə ilin deputatıdır, hələ də bilmir ki, bizim ölkədə heç nə sosial gərginlik yaratmaq gücündə deyil. Ağzına gələni mətbuata deyib, insanları çaş-baş salmaq, həvəsləndirmək olmaz.

Üç gündür media da bir tərəfdən bağırır ki, bəs Nəbatat bağında ağacları kəsirlər, daşıyırlar. Kənardan baxana elə gələr ki, bu xəbər ölkədə partlayış yaradacaq, bütün Bakı əhli töküləcək bağa, sinələrini o ağacları daşıyan maşınların önündə sipər edəcəklər. Amma heç kimin vecinə də olmadı, olmayacaq da.

İnandırıram səni, əziz oxucu, heç bu çığır-bağır da ağaca görə deyil. Sadəcə mövzu yoxdu, qalırıq belə, nədən yazaq? Yoxsa biz bilmirikmi öz halal haqqını almaqdan çəkinən insanlarımız durub hansısa ağaca görə başını daşın altına verməz? Hələ ötən il türklər Gəzi parkının müdafiəsinə qalxanda, bibər qazına tuş gələndə neçə həmyerlim təəccüblə “bir ağaca görə bu zülmü çəkərlərmi” – deyirdi.

Açığı, elə o ağaclara qəsd edənlər də bunu yaxşı bildiklərindən ən qeyri-adi açıqlamanı verdilər. Dedilər ki, bəs ağacların yerini dəyişdiririk. Guya ərazidən keçən elektrik və kommunikasiya xətləri onların kökünün inkişafına mane olur. Və həmin boşaldılan ərazidə də yeni ağaclar əkiləcək.

Bir azdan da deyəcəklər ki, ümumiyyətlə, ağacların kökü bu ərazidə inkişaf eləmir, məsələn, Hövsan torpağından daha yaxşı şirə çəkir. Di kiminsə hünəri var desin ki, niyə Nəbatat bağını Hövsana köçürürsüz? Ağacların dilini mütəxəssisdən yaxşı bilirik?

Yəni, önəmli olan ərazinin boşaldılmasıdı, bunun üçün istənilən qədər əsas tapmaq olar. Lap istəsələr bağın yaxınlığındakı “Qurd qapısı” qəbiristanlığını da boşaldarlar. Açıqlama da verərlər ki, ərazidən keçən elektrik naqilləri meyitlərin sümüklərində titrəşim yaradır, yaxud da kanalizasiya xətlərinin ərazidən keçməsi günahdı və s.

Deməyim odur ki, “ölkədə sosial gərginlik yaranacaq” kimi pafoslu çıxışlara əhəmiyyət verməyin. Bu xalqı gərginləşdirməyin düsturu hələ tapılmayıb...