Kürt toyuğun cücə çıxarmağını yarılamış qədər vaxtdır ki, sosial şəbəkələrdə fəaliyyətimi dondurmuşam. Niyə? Çünki öncələri həyatım o qədər boş idi ki, sosial şəbəkələr ciddi, əhəmiyyətli kimi görünürdü. Özümün də bəhanələrimdən biri də bu idi ki, yazı yazıram, paylaşıram, oxucu qazanıram. Artıq anlamışam ki, o sosial şəbəkədə oxuyacaq 200 nəfər və 20 “like” olmasa da yazı normaldırsa, elə saytda da oxunacaq.
Nə xoşdur ki, artıq yazının şərhində bir qisim tənqid, bir qisim də müdafiə edən oxucuların yazıya görə mübahisələri də olur. Təbii ki, bunlar məni şad edir. Artıq zaman o zaman deyil ki, deyək, mən dahiyəm, oxucu məni anlamır, cahildir. Bizdə əksər yazarlar elə bilir ki, bu yazardırsa, bundan ağıllı, savadlısı yoxdur. Düzdür məni məndən az bilən, yazdıqlarımdan özü üçün faydalanan oxucularımın olması da sevindirir, amma məndən çox bilən insanların da yazdığımı oxuması bir başqa məmnun edir. İndi dediyim odur ki, sosial şəbəkələrdən uzaqlaşandan yazmağa enerjimin daha da çoxaldığını və müşahidə qabiliyyətimin də artdığını hiss edirəm. Bugünlərdə bacımın kompyuterindən onun profilinin əsas səhifəsinə, tanıdıq-tanımadıq insanların yazdıqlarına, gündəmə nəzər saldım. Öz-özümə ilahi, bu nə qədər ikrah hissi doğurur? Sanki eqolar ekranı partladacaq gücə sahibdir. Görəsən mən də belə iyrənc söhbətlər edirdim? – deyə düşündüm. Ən pisi də odur ki, sosial şəbkələrdə xüsusi ilə belə insanlar var. Yaxşı yumor hissi olan və ya özünü bütün xalqın qeydinə qalan kimi göstərməyə çalışan və bu çabaları baş tutan şəxslər. Əslində heç kim onların vecinə deyil. Sadəcə bu dirnaqarası fenomenlər vecimədir kimi göstərib “like” yığmaqdan həzz alır, real həyatda mahiyyətləri o qədər kiçikdir ki, eqolarını bu yolla tətmin edirlər. “Like”larının sayı azalanda da depressiyaya düşürlər. Maraqlısı budur ki, kütlə ucuz söhbətlərə daha çox dəyər verir. Sanki özləri bilərəkdən aldanmaq və aşağı səviyyəli söhbətlərdən həzz almaq ehtiyacı duyurlar.
Bir də görürsünüz bu “fenomen” kimisə lağa qoydu. Və heç kim bu lağa qoyanın özünün hansı səviyyədə olduğunun fərqinə varmır, lağa qoyulana gülməyə başlayır. Hamı həmin “fenomen”i “like” etməklə, sanki “hə də düz deyirsən, yəni biz o lağa qoyulan yox, sənin səviyyəndə adamlarıq, ona görə sənin bu “yumor”unu anladıq”- deyərəkdən öz “səviyyə”lərini “sığortalayırlar”. Axı hansı mədəni, intellektual, özünə sayqı duyan bir adam kimisə aşağılamaqdan həzz ala bilər? Lağ olunan adamın səviyyəsinin nə dərəcədə olub-olmamasından aslı olmayaraq, insanın birinə lağ etməsi üçün özünün necə böyük komplekslərə sahib olması, nə dərəcədə güclü travmalar alması gərəkdiyindən xəbəri varmıdır görəsən? Ən pis tərəf də odur ki, çoxluq belə adamları dəstəkləyir ki, hə biz başqasının əzilməyindən həzz alırıq, davam elə. Çünki hər zaman əzilənlər başqa əzilən də görmək istəyirlər ki, öz travmalarını unutsunlar. Yəni onsuz da hamı bizim kimidir deyərək təsəlli tapsınlar. Baxırsan ki, axı özün nəsən ki, kiməsə gülürsən? Hansı gününə yaraşır? Axı nə dərəcədə manyak olmaq lazımdır ki, birinin şəxsiyyətinin sındırılmasından, əzilməsindən həzz alasan?
Bir də “Seda ablalar” var. Bunlar himə bənddirlər ki, bir faciəvi hadisə baş versin və status yazmaqla bütün hadisəni həll yoluna qoymuş “mələk” cildində görünsünlər. Sanki bütün qadınları müdafiə edirlər. Hər zaman onların yanındadırlar. Hətta qadın səhv etsə də bu bəyzat özünü fərqli, anqlo-sakson təfəkkürə malik olduğunu sərgiləmək üçün özünü paralayacaq ki, o qadın haqlıdır, düzdür. Hamı yanlış edə bilər. Məsələ hansısa qadın və bu bəyin o yanlışı dəstəkləməsi deyil e, məsələ səmimiyyətsizlikdir. Əslində o qadın həmin bəyin heç umrunda da deyil. Hətta bəlkə də özlüyündə hamı kimi o qadının səhv etdiyini də düşünür. Oturub başa salsan lap anlayacaq da. Amma illah ki, ona mövzu lazımdır deyə bu Seda abla o xanımın dadına çatacaq bir status mütləq ki, yazacaqdır. Və olacaq fərqli düşünən adam. Belə baxanda gerçəkdən də o adamın beyni kütlədən fərqlənir ki, bu qədər adamı öz ağuşuna ala bilir. Amma sən ciddi bir problem yaşasan, üz tutsan ki, belə bir köməklik lazımdır, hər-hansı bir proyekt edib, hansısa məsələni həll edək. Deyəcək ki, vallah başım qarışıqdır. Yəni bunlar sadəcə şəxsi reklamla məşğuldurlar. Manipulyasiyanın nə demək olduğunu bilməyənlər də bunların küyünə gedib, belə aşağı səviyyəli insanları çox asanlıqla öz məqsədlərinə çatdırırlar.
Maraqlısı budur ki, bu hər iki qisim “fenomenlər” elə erkəklərdir. Və nə yazıq ki, elə ən çox onlar qadınlardan sui-istifadə, onları ikinci dərəcəli hesab etdikləri üçün də daima yazacaq mövzuları olur. Adını xatırlamadığım bir filmdəki kimi. Cinayət axtarış ekspedisiyasının rəhbəri özü cinayyətlər törədir ki, axtarış edəcək iş olsun. Əlinlə qoyduğun cinayəti də boynuna yıxacaq bir günahkarın hər zaman öncədən vardır. Nəyə gedirsiniz gedin, bircə küyə getməyin.