“Sosial şəbəkələrdə təhqirlərə, mənəvi terrora məruz qalırlar”

sosial-sebekelerde-tehqirlere-menevi-terrora-meruz-qalirlar
Oxunma sayı: 1997

"İnternetin inkişafının müsbət tərəfləri ilə yanaşı mənfi tərəfləri də var.  Bu gün insanlar sosial şəbəkələrdə təhqirlərə, mənəvi terrora məruz qalırlar".

"Qafqazinfo" xəbər verir ki, bunu Yeni Azərbaycan Partiyasının Sədr müavini-İcra katibi, Baş nazirin müavini Əli Əhmədov bu gün qeyri-hökumət təşkilatlarının nümayəndələri ilə görüşündə deyib.

Ə.Əhmədov vurğulayıb ki, əsas problem odur ki, sosial şəbəkələrdə özünü qanuni yolla müdafiə etmək imkanları da yoxdur: "İstənilən adamı istənilən formada təhqir etmək, mənəvi terrora məruz qoymaq çox asandır, lakin bundan özünü müdafiə mexanizmi yoxdur. Bu bir bəla olaraq bütün dünyada geniş vüsət alıb. Bu problem cəmiyyətdə bir gərginlik yaradır, xoşagəlməyən halın yaranmasına səbəb olur. Bu problem tək Azərbaycanda deyil, digər dövlətlərdə də mövcuddur. Ancaq Azərbaycanda bu hallar eybəcər formada edilir”. 

Ə.Əhmədov bildirib ki, ayrı-ayrı ölkələrdə bu problemin qarşısını almaq üçün yollar axtarılır, texniki və hüquqi baxımdan bunun qarşısını almaq üçün cəhdlər edilir: 

“Azərbaycanda da bu problemin qarşısını almaq üçün hüquqi normalar mövcuddur, ancaq bunun tətbiq edilməsi mexanizmi mövcud deyil. Bütün bunların qarşısını almaq üçün müzakirələr aparmaq, yollar axtarmaq lazımdır ki, bu eybəcərliklərin qarşısını alınsın. Hətta bəzi ölkələr bu problemin qarşısını almaq üçün internetin məhdudlaşdırılmasına da gedirlər. Mən internetin məhdudlaşdırılmasından tamamilə uzağam, ancaq biz müzakirələr aparıb texniki və hüquqi tənzimləmə yollarını tapmalıyıq ki, bu eybəcərliklərin qarşısı alınsın”.

Tədbirdə çıxış edən parlamentin vitse-spikeri Bahar Muradova isə çıxışında deyib ki, sosial şəbəkədə baş verən bu mənfi hallara qarşı  mənəvi kriteriyalardan istifadə etməliyik: "Bu da qınaqdır. Azərbaycan parlamentinin və hökumətinin qəbul etdiyi qanunlara məhdudlaşdırıcı nəsə əlavə etmək niyyətimiz yoxdur. Sadəcə cəmiyyətdə tanınmış adamlar ətrafında insanlar toplaşan şəxslər bunu dostcasına, yoldaşcasına etməlidir. Biz  həm qanunun aliliyini, milli mənəvi dəyərləri əsas tutaraq mübarizə aparmalıyıq".

***

"Mətbuatda Yeni Azərbaycan Partiyasının qərargahında Qeyri- Hökumət Təşkilatlarının nümayəndələri ilə görüşlə bağlı məlumatlar verildi. Yəqin ki, bundan sonra əks təbliğata başlayacaqlar. Buna hazır olmaq lazımdır". "Qafqazinfo" xəbər verir ki, bunu hakim Yeni Azərbaycan Partiyasının qərargahında QHT nümayəndələri ilə görüşdə Prezident yanında Qeyri- Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri Azay Quliyev deyib.

A.Quliyev deyib ki, özünüz də gördünüz ki, burada sizə nəyisə sırımaq, təlimat vermək halları olmadı: "Nəticə odur ki, təlimlərə ehtiyac var. Biz bir çox texnoloji məsələlərdən tam istifadə edə bilmirik, bəzi qlobal şirkətlərin imkanlarından faydalanmırıq, bəzi hallarda isə pərakəndə fəaliyyət göstəririk: "Bəzən yazdığımız şərhlərə baxıram, gülməyim gəlir. Bəzi şeyləri açıqlamaq istəmirəm, siz şərhləri ağıllı, məntiqli yazın, qarşınızdakının kim olduğunu bilin".

Günel Türksoy