Sosial xidmətlərə ehtiyacı öyrənmək üçün onlayn sorğu keçirilir

sosial-xidmetlere-ehtiyaci-oyrenmek-ucun-onlayn-sorgu-kecirilir
Oxunma sayı: 1676

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Sosial Xidmətlər Agentliyi əhalinin sosial xidmətlərə ehtiyac səviyyəsini qiymətləndirmək məqsədi ilə onlayn sorğu keçirir.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən (ƏƏSMN) "Qafqazinfo"ya verilən məlumata görə, sosial xidmət sahəsində vətəndaşların əsas ehtiyaclarını müəyyən etməyi hədəfləyən sorğunun nəticələri ölkəmizdə sosial xidmətlərin təkmilləşdirilməsinə töhfə verəcək.

Sorğu anonim keçirilir, qiymətləndirmədə iştirak etmək istəyən şəxsdən adı, soyadı, ata adı və əlaqə nömrələrinin göstərilməsi tələb olunmur. Lakin sorğunun məqsədlərinə uyğun olaraq və əhali arasında sosial xidmətlərə ehtiyac tendensiyasının müəyyən olunması məqsədi ilə iştirakçı cinsiyyəti, təvəllüdü, ailə vəziyyəti və digər demoqrafik göstəriciləri qeyd etməlidir.

Onlayn sorğuda suallar cavablandırılarkən şəxsi təcrübəyə əsaslanmaq və səmimi olmaq vacib hesab edilir.

Sorğu nəticəsində toplanmış məlumatlar müxtəlif əhali qruplarının sosial xidmətlərə olan ehtiyac səviyyəsini müəyyən etməklə, bu xidmətlərin əlçatanlığı və yeni xidmətlərin yaradılması istiqamətində aparılan işlər zamanı nəzərə alınacaqdır.

"Əhalinin sosial xidmətlərə ehtiyac səviyyəsinin qiymətləndirilməsi" onlayn sorğusunda iştirak etmək üçün aşağıdakı linkə daxil olmaq lazımdır:

https://docs.google.com/forms/d/e/1FAIpQLSfjq_aomAlvOqtMa1_MFz7_zEQrw7AamLTw12YirgqjXcHwcg/viewform?gxids=7628