“Sovetski” sakinləri köçmək barədə düşünmür- - "Mən evimi satmıram"

sovetski-sakinleri-kocmek-barede-dusunmur-
Oxunma sayı: 3229

 

Bəziləri isə kompensasiyaların məbləği ilə barışıb, evlərini tərk ediblər. 

Son rəsmi xəbərdə 110 nəfərə yaxın mülkiyyətçinin kompensasiyanın məbləği ilə razılaşdığı açıqlanıb. Yerdə qalanlar isə təklif olunan şərtlərlə razılaşmaq istəmirlər. “Qafqazinfo”nun məlumatına görə, Musavat.com-n müxbiri sakinlərlə görüşərkən öyrənib ki, onların tələbləri qüvvəsində qalır. Sakinlər evlərini təklif olunan qiymətə satmayacaqlar. İstədikləri məbləğ verilməsə, köçmək fikirdə deyillər.

"Həmin məbləğə başqa yerdə heç daxma da almaq olmaz"

"Sovetski"nin Eldar adlı sakini deyir ki, onlara təklif olunan məbləğə başqa yerdə daxma da almaq olmaz: "Mən gözümü burada açmışam. İllərdir ki, burada yaşayıram. Yaxşı pul versələr belə, başqa yerə köçmək mənə ağır gələr. İnsan 5 il kirayə qaldığı evdən çıxıb, başqa yerə köçəndə belə, özünü narahat hiss edir. Əvvəlki yeri üçün darıxır. İndi bunlar bizi dədə-baba yurdumuzdan çıxarmaq istəyirlər. Qarşılığında isə başqa yerdə daxma belə ala bilməyəcəyimiz məbləğ təklif edirlər. 1500 manatla razılaşan deyilik. Mən evimi satmıram".

"Televiziyaya çıxıb, bizim adımızdan yalan danışırlar"

Digər "Sovetski" sakini Əliağa Şirinov deyir ki, bəzi sakinlər artıq evlərini sataraq köçüblər: "Böyük əksəriyyət verilən pulla razılaşmasa da, razılaşanlar da var. Onlar da burada yaşanlar deyil. Başqa yerdə evləri olub, buradakı evlərini kirayə verənlərdi. Onlar üçün heç bir fərqi yoxdur. Əksinə bu pul onlar üçün sərf edir. Özləri üçün yaxşıca iş görə biləcəklər. Amma bizlər üçün sərf etmir. Çünki biz bakılıyıq. Uşaqlığımız burada keçib. Bu xatirələri qoyub, getmək asan deyil. Evlərini satanlara söz verdikləri kimi, 2 aylıq kirayə üçün və köçərkən əşyaların daşınması üçün ayrılan pulları veriblər. Görünür ki, onlara daha da çox pul veriblər. Çünki televiziyaya çıxıb, bizim adımızdan yalan danışırlar. Keçən gün İTV-də görürəm ki, "Sovetski" sakini adından bir nəfər danışır. Pis vəziyyətdə olan bir evi göstərib deyir ki, bura onun evidir. Yaxşı ki, sökürlər. Verilən pulların sayəsində yaxşıca ev alacaq. Elə görüntüləri çəkib, yalnız özlərini aldada bilərlər, bizi yox…" 

Sakinlər A.Şərifovun sözlərinə inanmırlar

"Sovetski" sakinlərindən olan Aslan dayı deyir ki, A.Şərifovun sözləri heç də inandırıcı deyil: "A.Şərifov heç kəsin məcburən evindən çıxarılmayacağını, kim evini satmağa razılaşırsa, yalnız onların evinin söküləcəyini söyləyib. Biz buna inanmırıq. Çünki gülməli bir açıqlamadır. Mənim evim birinci mərtəbədədir. İkinci mərtəbədə yaşan qonşum evini satsa, necə olacaq? İkinci mərtəbəni sökəcəklər, parkı da evimin üstündən çəkəcəklər? Əlbəttə ki, bu, mümkün deyil. Bunlar hamısı yalandır. Qazı, işığı, suyu kəsəcəklər ki, söküntü gedir, təhlükəlidir. Bu bəhanə ilə günlərlə, bəlkə də aylarla belə davam edəcək. Biz də məcburən evləri satacağıq. Bu üsullara Bakının digər yerlərində söküntülər zamanı şahid olmuşuq".

“Necə olur ki, yolun qarşı tərəfində evlərin bir kvadrat metri 2500-2700 manatdır, amma yolun bu tərəfində 1500 manat..?” Bu sözləri isə əməkdaşımıza "Sovetski" sakini Vaqif İsmayılov söylədi: "Bizə utanmadan 1500 manat təklif edirlər. Başqa yerləri heç demirəm. Mənim evim yolun bu tərəfindədir. Mənim evimə 1500 manat verirlər. Amma yolun digər tərəfindəki yaşayış binasında evin bir kvadrat metri 2500-2700 manatdan başlayır. Bu, necə olur?"

"Dedim əgər dövlət sökürsə, deməli, belə də olmalıdır"

"Sovetski"də market sahibi olan Şəhla xanım deyir ki, onun dükanına görə verilən məbləğlə razı deyil: "Mən neçə ildir ki, "Sovetski"də market işlədirəm. Dedilər ki, sökülməlidir. Dedim əgər dövlət sökürsə, deməli, belə də olmalıdır. Amma bir kvadrat metrə verilən qiyməti eşidəndə razılaşmadım. Çünki mənə 600 manat təklif edilir. Mən bu pulla Bakının başqa yerində dükan açsam, ancaq bir-iki ayın icarə haqqı edər. Bu dükan isə mənim özümündür. Bəzi obyekt sahiblərinə isə 250-800 manat arası pul təklif ediblər. Heç kəs razı deyil".