“Sovetski” sakinlərinə 450 min “atan” qadın yoxa çıxıb...

sovetski-sakinlerine-450-min-atan-qadin-yoxa-cixib
Oxunma sayı: 2930

“Oğluna zəng vurdum, dedi ki, mənim elə bir anam yoxdur. İnsanları aldadıb pullarını alan şəxs mənim anam ola bilməz”.

“Qafqazinfo” xəbər verir ki, bu sözləri Bakı sakini Rüfət Tağıyev redaksiyamıza şikayətində deyib. O bildirib ki, özünü vəkil kimi təqdim edən İradə Cəfərova onlara ucuz mənzil alacağını vəd verərək əllərindəki pulu alıb:

“2014-cü ildə “Sovetski”də evlərimiz sökülən zaman dövlət qanuni olaraq bizə 54 min manat məbləğ ayırdı. Həmin ərəfədə biz və yaxın olduğumuz bir neçə qonşu özünü vəkil kimi təqdim edən İradə Cəfərova ilə tanış olduq. Qısa müddət ərzində yaxınlaşdıq, bizdə özünə inam yaratdı. Bir dəfə dedi ki, banklarla əlaqəsi var. Mənzil məsələmizi çox rahat şəkildə həll edə bilər: “Hərraca çıxarılan evlərdən birini sizin üçün alarıq. Həm mərkəzdə eviniz olar, həm də daha ucuz başa gələr”.

Təklif xoşumuza gəldi və sentyabrda bizə ödənilən məbləğdən 50 min manatını ona verdik. O, oktyabrda Qara Qarayev metrosunun yanında bizə bir ev göstərərək onun bizim olacağını dedi. Mebel üçün də 3 min istədi. Biz razılaşdıq. Ancaq qısa müddət sonra alınmadığını, daha yaxşı başqa bir ev tapacağını söylədi. “Sovetski”dəki evimiz söküldüyü üçün bizi kirayə başqa bir mənzilə yerləşdirdi. Anamla mən 2015-ci ilin iyul ayına kimi orada qaldıq. Avqust ayının 7-də bizə ev məsələsinin alındığını, Aşıq Molla Cümə küçəsi 11B, mənzil 26 ünvanına köçə biləcəyimizi, artıq mənzilin bizə məxsus olduğunu bildirdi. “Kupça” məsələsinin isə qısa müddət ərzində həll ediləcəyini dedi. Bu müddət ərzində 5 min şirinlik, 3 min “kupça”ya görə istədi, bir sözlə, müxtəlif bəhanələrlə 30 minə yaxın pulumuz getdi.

Şikayətçinin sözlərinə görə, mənzilə köçdükdən sonra İradə Cəfərovanı bir də görə bilməyib:

“Təzə mənzilə köçəndən sonra zəngimizi nadir hallarda açırdı, onda da Bakıda olmadığını deyirdi. Bir neçə ay gözləyəndən sonra “kupça” məsələsinə görə JEK-ə getdik. Maraqlananda gördük ki, yaşadığımız ev heç vaxt bankda girov qoyulmayıb, Ədalət Quliyev deyə bir şəxs evin sahibidir, hazırda Rusiyada yaşayır. Məmmədəli adlı qardaşı burada əmlak alqı-satqısı ilə məşğul olur. Onu tapdıq. Dedi ki, İradə Cəfərova yaşadığımız evi kirayə götürüb. Hələ bizimlə yanaşı bir neçə ailə üçün də ev kirayə edib, hər ay pulunu ödəyir”.

Bundan sonra məlum olub ki, İradə Cəfərova ev almaq adı ilə 6 ailə dolandırıb. Ailələrin qaldığı mənzillər də kirayə tutulub. Bütün bu yalanlar ortaya çıxandan sonra İ.Cəfərova kirayə pulunu ödəməyi də dayandırıb:
“Noyabr ayına kimi bizdən xəbərsiz kirayəni ödəyib, bu yalanları ortaya çıxandan sonra nə kirayəni ödəyir, nə də zənglərimizə cavab verir. İndi kirayəni ödəməyə imkanımız yoxdur, ev sahibləri də deyir ki, pulu ödəmirsinizsa, evi boşaldın. Məsələ ilə bağlı Nərimanov Rayon Polis İdarəsinə şikayət etdik. Baş Prokurorluğa, Mütəşəkkil Cinayətkarlığa yazdıq. Yasamal rayon İstintaq Şöbəsindən kapitan Tale Baxşıyev bizə dedi ki, məsələnizə baxılır, istintaq başlayıb. Bu yaxınlarda İ. Cəfərova ilə əlaqə saxlaya bildim. Onda da “kimə şikayət etmisiz, ondan da pulu alın”-dedi.

Media vasitəsilə aidiyyatı qurumlara səslənərək prosesin tezləşdirilməsini xahiş edirik. Dələduz qadına cinayət işi qaldırılsın, tutulsun, pullarımız da bizə qaytarılsın. 6 ailədən 450 min manat pul alıb. Hazırda evsiz-eşiksiz qalmışıq. Anam daxil olmaqla hər dəfə dələduzluğa qurban gedən qadınların göz yaşını görəndə pis oluram. Çarəsiz vəziyyətdə qalmışıq”.

“Qafqazinfo”nun əməkdaşı məsələ ilə bağlı İradə Cəfərovayla əlaqə saxlamağa çalışsa da, zənglərimizə cavab verən olmayıb.

Günel Hacı