Paytaxtın mərkəzində irimiqyaslı söküntüyə hazırlıq gedir, köhnə Bakının sakinləri haralara köçürüləcəklərindən narahatdırlar
“Qafqazinfo” bizimyol.info-ya istinadən xəbər verir ki, köhnə “Sovetski” məhləsində ilk baxışda hər şey əskidəki kimi görünə bilər. Məhlə ilə üzüaşağı düşdükcə yola səpələnən zibillər, bir neçə yerdə pəncərə yerləri qalan divarlar nələrdənsə xəbər verir. Məhlə köçə hazırlaşır. Bəzilərinə görə burada “Ağ şəhər” layihəsinin bir hissəsi olacaq, bəzilərinə görə isə park salınacaq. Köhnə Bakının köhnə sakinləri sadəcə narahatlıq içində sabahlarını - köç günlərini gözləyirlər.
“Sökülməsini istəyərdik, şəraitimiz də yaxşı deyil. Ancaq bilmirik ki, bizi hara köçürəcəklər. Hələ bizim məhlələrə gəlməyiblər. Aşağı məhlələrlə danışıblar. Bu küçə aşağıya qədər söküləcək. O biri tərəfdən də “Azdrama”ya qədər. Söküləcək yerləri qırmızı işarəylə rəngləyiblər”, -deyir sakinlər.
Qırmızı rənglə işarələnmiş məhlələrə doğru addımlayırıq. Önümüzə danışmaq istəyən sakinlərdən biri çıxır. “Burdan başlayıb “Nizami” metrsunun arxasına qədər gedəcək. Heç bir manat da təklif etməyiblər. Sənədlərimizin surətlərini də çıxarıb aparıblar. Bizim yerin qiyməti də maksimum 2 200 manat olar. Solumuz “Nizami” metrosu, sağımız “BakSovet”, bir yanı da “Elmlər”, şəhərin göbəyindəyik. Bizim evin də sahəsi azdı - maksimum 28-30 kvadrat. 2 200-dən versələr ona nə düşəcək ki? Heç olmasa elə yerdə ev versinlər ki, şəhərdən uzaqlaşmayaq” - deyir “Sovetski” sakini Tahir Məmmədov.
Bəşir Səfəroğlu küçəsində qəribə gərginlik hiss olunur. Köçürüləcək məhəllələrin sakinləri gözləyirlər. Obyekt sahiblərinə də xəbərdarlıq olunub. Hər kəs sənədinin surətini çıxarıb üstündə saxlayır.
Meyvə-tərəvəz satan dükanın satıcısı olan Qəmər nənə də sentyabra qədər sökülmənin bitəcəyini söylədi: “Biz də eşitmişik söküləcək. Ancaq heç bilmirik hara gedəcəyik. Dükanı da arendaya götürüb işlədirik, özümüz də qarşı küçədə kirayədə qalırıq. İndi üzümüz-gözümüz öyrəşib”.
Digər obyekt sahibiylə danışırıq. “İndi mənim öz obyektimdir. Köhnə bakılıyıq. Babam 1930-cu ildə burda rəhmətə gedib. Ata evim burdadır. Biz gözləyə-gözləyə qalmışıq. Nə edəcəyimizi də bilmirik. Burdan necə gedəcəyimizi də... Bizə çətindir. Təklif etdikləri məbləğ də elə böyük deyil. O pulla biz nə alacayıq?” - deyir, Tələt bəy.
Dayanacaqda dayanmış xanıma yaxınlaşırıq. Köçürüləcək ev sahiblərindən biri olduğunu söylədi: “Payıza qədər yox, 2 ay vaxt veriblər. Bizə bir həftədir gəlib gediblər. İki aya da camaat köçürülməlidir. Məbləğin də 1500 manat olduğunu açıqladılar. Evim 3 otaq olsa da, şəraitim yaxşı deyil. Evlərin kvadratı da çox deyil. Burda yaşayanlar da kasıb əhalidir. Ən ucuiz ev Yeni Yasamalda 110 000-dir. Ən azı bazar qiymətlərinə baxıb bizə ev versinlər. Uyğun məbləğ versələr, pul istərdik, ancaq inanmıram ki, məbləğ çox olsun. Heç olmasa şəhərin yaxşı yerindən ev versinlər”.
Təzə Pir Məscidinin arxasındakı məhlədə Zeynal dayı isə onların evlərini icranın yox, məscidin sökəcəyini dedi: “Buranı məscidin sökəcəyini deyirlər. Bizə də pulu onlar verəcək. Ancaq hələ gözləyirik. Bir xəbər yoxdur. Yuxarını sökürlər. Bizə hələ gəlməyiblər. Bizə də pul yox, ev versələr, sərf edər. Verəcəkləri pulla biz nə ala bilərik ki, ay qızım?”
Son günlərini yaşayan, bir zamanların isə adı ilə tanınan “Sovetski” sakinləri ümidsizliklə sanki bir möcüzə gözləyirlər.
Son xəbərlər
Son Xəbərlər