Söyüdlüyə başqa şəxslərin girişi məhdudlaşdırıldı - Foto

soyudluye-basqa-sexslerin-girisi-mehdudlasdirildi
Oxunma sayı: 6090

Gədəbəy rayonunun Söyüdlü kəndinə kənd sakinlərindən başqa şəxslərin girişi məhdudlaşdırılıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə DİN-in Mətbuat xidmətinin Gəncə regional qrupunun baş inspektoru, polis kapitanı Eşqin Qasımov bildirib. O qeyd edib ki, hazırda sakinləri narahat edən məsələlər araşdırılır: "Həmçinin ictimai qaydanın və ictimai təhlükəsizliyin təmin edilməsi məqsədilə sakinlərdən başqa şəxslərin kəndə girişi məhdudlaşdırılıb".

Qeyd edək ki, Söyüdlü kəndində vəziyyətin araşdırılması üçün Baş nazirin Sərəncamı ilə komissiya yaradılıb. 

DİN-in ötən gün yaydığı məlumatda isə Söyüdlü kəndində bir qrup şəxsin kənd ərazisində inşa olunan süni gölün tikintisinə qanunsuz müdaxiləsilə bağlı 2 aydır ki, həmin şəxslərlə rayon icra hakimiyyəti və polis əməkdaşları tərəfindən profilaktik izahat işlərinin aparıldığı bildirilib. Həmçinin iyunun 19-da qadına qarşı gözyaşardıcı qazdan istifadə edən polis əməkdaşı ilə bağlı araşdırma aparıldığı, onun əməlinə hüquqi qiymətin veriləcəyi qeyd edilib.

Foto: Elsevər Muradzadə