““Soyuq müharibə”dən sonrakı ən təhlükəli dövrü yaşayırıq”

soyuq-muharibeden-sonraki-en-tehlukeli-dovru-yasayiriq
Oxunma sayı: 1044

Avropa İttifaqının (Aİ) Xarici siyasət və Təhlükəsizlik məsələləri üzrə Ali Nümayəndəsi Cozep Borrell ABŞ-ın Rusiyanın Ukrayna sərhədində qüvvələr cəmləməsi ilə bağlı narahatlığını bölüşdüyünü və regionun "Soyuq müharibə"dən sonra ən təhlükəli dövrünü yaşadığını bildirib.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, Vaşinqtonda səfərdə olan Borrell, ABŞ dövlət katibi Entoni Blinkenlə ikitərəfli görüşdən sonra ortaq mətbuat konfransı keçirib. Bölgənin son günlər Rusiyanın yaratdığı geosiyasi gərginliyin təsiri altında olduğunu bildirən Borrell, Rusiya ilə Ukrayna arasındakı böhranın mərkəzində enerji məsələsinin dayandığını bildirib.

Avropanın enerji mənbələrini ən qısa zamanda diversifikasiya etməli olduğunu vurğulayan Borrell, Avropada enerji istehlakının daha çox qaz və kömürə əsaslandığını və bunun bərpa olunan enerjiyə keçid üçün yaxşı göstərici olduğunu qeyd edib.

“Rusiyanın Ukrayna sərhədində hərbi cəhətdən güclənməsinin yaratdığı risklərlə bağlı ciddi narahatlığımızı bölüşürük. Mənim fikrimcə, biz "Soyuq müharibə"dən sonra Avropanın təhlükəsizliyi üçün ən təhlükəli dövrü yaşayırıq. Lakin biz diplomatiya üçün hələ də zəmin olduğuna inanırıq”, - Borrell qeyd edib.

Borrell 140 mindən çox əsgərin müstəqil bir ölkənin sərhədlərinə yerləşdirilməsinin hər cəhətdən təhlükə yaratdığını və bunun böyük risklərindən qaçmaq üçün səylərin artırılmalı olduğunu vurğulayıb.