Soyuq Osloda Azərbaycanın isti nəfəsini yaşadanlar - - Fotolar

soyuq-osloda-azerbaycanin-isti-nefesini-yasadanlar-
Oxunma sayı: 1995


Təbrizin qədim məhəllələrindən birində dünyaya göz açmış və Quzey Azərbaycana səfər etməyə belə fürsət tapmamış bu dəyərli xanım bəlkə də tarixdə ilk dəfə olaraq milli bayrağımızı Skandinaviyanın ən uca dağı olan Qalthopingenin zirvəsinə

( 2500 metrə yaxın) qaldıraraq bizlərə bu qüruru yaşadıb.

Bu dəfə yolumuz soydaşlarımızın pənah apardığı başqa bir ölkə- Norveç idi. Stokholmda dəyərli dostum, əslən Güney Azərbaycandan olan Səid bəy məni qatara qədər uğurlayaraq, Osloya yola saldı. Qatar iki paytaxt arasında 6 saatlıq məsafəni əsrarəngiz təbiətin qoynundan keçərək şütüyürdü. Mən isə yol boyu su ilə zəngin olan bu coğrafiyada insanların niyə rifahda olmasını düşünür və təbii ki,bunun fərqindəydim.

Nəhayət Osloya çatdım. Norveç krallığının, Avropanın rifah səviyyəsinə görə öndə gələn ölkəsinin başkəndi Oslo.. Bakıdan 4600, Təbrizdən isə 5200 km-ə yaxın məsafədə yerləşən , insanları ilk baxışdan soyuq nəzərə çarpan bu ölkədə həm Güneydən, həm də Quzeydən üst-üstə 2000 civarında soydaşımız yaşayır. Təbii ki, buradakı soydaşlarımızın da əksəriyyətini Güneylilər təşkil edirlər. İstər Pəhləvilər dönəmində, istərsə də İslam inqilabından sonra doğma yurd-yuvasını tərk edərək Avropaya, Amerikaya üz tutaraq cəlayi vətən olan həmvətənlərimiz..

İlk döydüyümüz qapı isə 10 ildən artıq bu soyuq şimal ölkəsində Azərbaycanın isti nəfəsini yaşadan “Azərbaycanın səsi” radiosu oldu.

Hər həftənin bazar ertəsi günləri Oslo vaxtı ilə saat 20-dən 22-dək yayılan bu radio Azərbaycanın uzaq Norveçdəki gerçək səsidir. Uzun illərdir ki, radionun əsas yükünü çiyinlərində daşıyan Atabəy Urmulu və Məhəmmədrza Təbrizli heç kimdən təmənna ummadan bu müqəddəs işi bu günədək davam etdirmişlər. Zamanın qızıl qədər önəmi olan Norveç kimi bir ölkədə hər həftə onları bu ocağa yığan təkcə bir amaldır- Azərbaycanın haqq səsini ucaltmaq.

Radionun proqramları həm xəbər, həm musiqi, həm də ictimai-siyasi mövzuları əhatə edir. Diqqətimi daha çox cəlb edən isə milli fəal Sərdar Əsədinin radiodan Azərbaycan həqiqətlərini səlis ingiliscədə təqdim etməsi oldu.

Güney Azərbaycanda milli fəallara qarşı başlanan kütləvi həbslərdən sonra Norveçə pənah gətirmiş soydaşlarımız Əhməd Əmini, Hüseyn Seyidçıraği və Yaşar Heydəri də bu çırağın ətrafına toplaşaraq radio ilə yaxın əməkdaşlıq edirlər. Gənc fəalların buraya nədən gəldiklərini, Güneydə onlara qarşı basqıların olmasını sorduqda təbii ki, cavablar ürəkyandıran oldu.


Əhməd Əminin dedikləri: “İran adlanan ölkədə 35 milyon Azərbaycan Türkü ən kiçik insani haqqlarindən belə məhrumdurlar .Onun üçündə Güneydə hər zaman üsyan var, Güney Azərbaycan Təbriz başda olaraq yatmış bir vulkana bənzəyir, onun üsyan etmə zamanı heç bəlli olmaz. Necə ki, tarix böyü buna dəfələrlə tanıq olmuşuq. Bu üsyanların ən zirvəsi 22 may 2006 hadisələridir ki, mən bu olaylara qatıldım və tutuqlandım. Ağır işgəncələrə məruz qaldım.

Mənimlə birlikdə tutulan bir çox dostumuz bəlirsiz yerlərə aparıldı. Kimi zindanda qaçaqçılar, habelə qatillərlə bir yerdə saxlanılıdı və muzdlu qatillər vasitəsilə öldürüldü, kimi öldürülüb Təbrizin ətraf xiyabanlarına atıldı...

Mən neçə gün tutuqlu qalıb işgəncə olduqdan sonra sərbəst buraxıldım. Daha sonra təkrar tutuqlandım mühakimə oldum. Məhkəmə 1 il zindan qərarı verdi. Günahım sadəcə ana dilində məktəb istəyi olsa da, məhkəmə məni Azərbaycan vəTürkiyə casusu kimi elan etdı. 3 ay zindanda qalıb ağır təzyiqlərə məruz qaldım. İşgəncə verilərkən qolum sındığı üçün uzun zaman dərd içində qaldım, sonun da xəstəxanaya göndərdilər. Xəstəxanadan çıxdıqdan sonra ev dustaqlığı ilə tam sərbəst qaldım, ancaq bir deyim var “pişik asqırdıqda belə evimizə gəlirdilər. Bir neçə dəfə “Traxtor”un oyunlarına getdikdə tutuqlanıb bir iki gecə polis idarəsində qaldığım oldu...

Artıq yaşamı o qədər çətinləşdirdilər ki, göz bəbəyim Təbrizi, Ana Vətən Azərbaycanı tərk etməyə qərar verdim.

Dolaşıq yollar keçib aylar sonra Avropaya gəlib çatdım. Avropaya gələr gəlməz Azərbaycan disporasın axtarıb tapdım. Şükür ki, Osloda Milli fikirli dostları tapıb, Milli mücadiləmi əlimdən gəldiyi qədər davam etdirməyə çalışıram”.

Yaşar Heydəri də eyni sorunları yaşayaraq vətəni tərk etdiyini söylədi: “ Mən Astarada doğuldum. Biz daim Quzey televiziyalarını izləyərdik. Hələ məktəb illərində milli düşüncəli müəllimlərin də bizim düşüncəmizin formalaşmasında böyük təsiri oldu..

Biliyurduna getdiyim zaman Milli fikirli öyrənci dostlarla bir araya gəlib Ana dili kursları keçirməyə başladıq.. Əlbəttə ki, bu iş çox sorunlar yaratdı.

Astarada ana dili kursularından başqa 21 Azər hərəkatını anırdıq.

Musiqiçi olduğum üçün bütün Astarada, Ərdəbildə düzənlənən tədbirlərə qatılardım. Bu tədbirlər sadəcə musiqi çalıb oxuma olmazdı. Həm də Milli məsələmiz dartışılardı.


Evlərdə gizli şəkildə Milli günlərimiz qeyd etdiyimiz zaman bir neçə dəfə həbs olunmuşam. İlk dəfə 2003-cü mayın 28-də Ərdəbil şəhərində Azərbaycan Cümhuriyyət bayramını qeyd edərkən tutuqlandım. 2003-dən bəri sürəkli təzyiqlərə məruz qaldım, tutulmalar və işgəncələr , iş yerimin nəzarətə götürülməsi, dinc yaşayışı əlimdən almışdı. Üstəlik ailəmə yaşam çox çətin olmuşdu. 2005-də təkrar tutuldum və eyn oyunlar daha ağır şəkildə davam etdi. Neçə gün yeni-yeni şərtlər qoyub yaşamı dözülməz etdilər.Buraxıldıqdan sonra uzun sürə gizli yaşadım, daha sonra istəmədən məcbur qalıb vətəni tərk etdim.

Ancaq vətəndən qaçmaq, Avropaya gəlmək çözüm yolu olmadı. Burada da başqa və özünəməxsus problemlərimiz var”.

Çox təəsüflər olsun ki, Avropanın ayrı ayrı şəhərlərində minlərlə soydaşımız məhz Əhmədin,Yaşarın və Hüseynin taleyini bölüşürlər. Hələ son zamanlar Quzeydən köç edənlərin də aqibəti bundan fərqli deyil. “Azərbaycan Respublikası əlli milyon azərbaycanlının vətənidir” deyə iddiada bulunan hakimiyyət dairələri isə nəinki təbii haqlarından məhrum edilərək Quzeyə pənah gətirən güneyli qardaşlarımıza qucaq açmır, hətta vətəndaşlıq verdiyi insanlarına belə sahib çıxmaq məsuliyyətini dərk etməkdə zorluq çəkir.

Yenə qayıdaq “Azərbaycanın səsi” radiosuna..

Açığını desəm mənim üçün bu radioda əsl sürpriz siyasi fəaliyyətdən uzaq, yalnız milli mədəni sahədə çalışan Simin xanım Mayla görüşüm idi. Simin xanım qizil xaç komitesinde işləsə də, hər həftə radioda Ana dilimizdə balalarımıza


nağıllar söyləyir və mədəniyyətimizin Norveç cəmiyyətində tanıtdırılması üğrunda aktiv şəkildə çalışır. Bütün bunların kənarında Təbrizin qədim məhəllələrindən birində dünyaya göz açmış və Quzey Azərbaycana səfər etməyə belə fürsət tapmamış bu dəyərli xanım bəlkə də tarixdə ilk dəfə olaraq milli bayrağımızı Skandinaviyanın ən uca dağı olan Qalthopingenin zirvəsinə ( 2500 metrə yaxın) qaldıraraq bizlərə bu qüruru yaşatmışdır. Gerçəkdən bu mənim üçün ən şirin və ən yaddaqalan Skandinaviya sürprizi oldu.

Uzaq Norveç ölkesinde insanların heç bir təmənna ummadan Azərbaycan adına göstərdikləri çaba çox fərəhləndirici idi. Mən “Azərbaycanın səsi” radiosundan məhz bu hisslərlə ayrıldım. Ayrılarkən isə içimdə öz özümə pıçıldayırdım: “ Varlığımızın yaşamasında etdiyiniz çalışmalara görə tanrım sizləri qorusun!.Sayınız az da olsa, nə yaxşı ki varsınız ”.