“Qafqazinfo” oxu.az-a istinadən xəbər verir ki, ötən il oktyabrın 11-də Xəzər rayonu Zirə qəsəbəsində, yarımçıq tikilidə qəsəbə sakini Asif Məmmədov aralarında yaranan mübahisə zamanı uzaq qohumu Oqtay Rzayevi (1964-cü il təv.) bıçaqlayaraq öldürüb, sonra isə sonuncuya məxsus “VAZ 2106” markalı avtomobilə əyləşərək, hadisə yerindən uzaqlaşıb. Elə həmin gün təqsirləndirilən şəxs könüllü olaraq Qaradağ RPİ-yə gələrək təslim olub və Xəzər rayonunda cinayət törətdiyini bildirib. Həmin gün o Xəzər RPİ-yə təhvil verilib, barəsində ilkin olaraq CM-nin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.
İstintaqla müəyyən edilib ki, Məmmədov və Rzayev eyni qəsəbədə yaşayıblar. Hadisədən bir gün əvvəl onlar və bir neçə dostları kafedə yeyib-içərkən Oqtay onun anasının əxlaqsız qadın olduğunu və onunla da nə vaxtsa intim əlaqədə olduğunu bildirib, cavab olaraq Asif danışığına fikir verməsini məsləhət görüb və bu zəmində aralarında mübahisə başlayıb. Lakin orada olan şəxslər müdaxilə edərək onları ayırıblar, ayrılarkən Məmmədov Rzayevə buna görə cavab verəcəyini söz verib.
Səhərisi gün evdə olan Oqtay ötən gün baş verən münaqişəni aydınlaşdırmaq qərarına gəlib, bu səbəbdən o Asifi yaşadığı evdən çağırıb və onlar birlikdə onun avtomobilinə əyləşərək, hadisə baş verən tikiliyə gəliblər. Məmmədov Rzayevdən dünənkinə görə üzr istəməsini tələb edib, amma sonuncu əvəzinə onu və ailəsinin ünvanına söyüşlər söyüb. Buna görə Asif gödəkçəsinin cibindən qatlanan bıçağı çıxararaq Oqtayın döş və qarın nahiyəsinə zərbələr endirib, daha sonra yerə yıxılan Rzayevin cibindən avtomobilin açarını çıxarıb və maşına əyləşərək, ordan qaçıb.
Məhkəmə prosesində A.Məmmədov ittiham üzrə özünü qismən təqsirli hesab edərək, əməlindən peşman olmadığını bildirib. Ona görə ki, Rzayev birinci onu təhqir etməyə başlayıb və başqa şəxslərin yanında anası ilə bağlı həqiqətə uyğun olmayan ifadələr işlədib. Əgər mərhum ondan üzr istəsəydi, onu bağışlayacaqdı, amma Oqtay əksinə olaraq onu söyüb və öz hərəkətləri ilə onu qıcıqlandırıb.
Məhkəmənin hökmü ilə təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 17 il azadlıqdan məhrumetmə cəzasına məhkum olunub.
Son xəbərlər
Son Xəbərlər