Bu gün AFFA-nın İntizam Komitəsinin yığıncağı keçirilib.
“Qafqazinfo” xəbər verir ki, iclasda Topaz Premyer Liqasının 20-ci turunun oyunlarında baş verən xoşagəlməz olaylar müzakirə olunub. Yaşananlarla bağlı müvafiq qərarlar verən komitə 6 klubu cəzalandırıb. Turda 5 qırmızı vərəqə alan futbolçuların cəzaları fərqli olub.
Jairo Filyo Rodriges (“Neftçi”) “Rəvan”la, Emin Mehdiyev (“Sumqayıt”) “Zirə” ilə, Tagim Novruzov (AZAL) “Kəpəz”lə, Yasin Həmid (“Rəvan”) isə “Neftçi” ilə görüşdə ikinci sarı vərəqə üzündən meydandan qovulduğu üçün 1 oyunluq kənarlaşdırıb. Bu futbolçuların hər biri klubunu 200 manat ziyana da salıb. Altı oyunçusu sarı vərəqə alan “Rəvan” daha 1000 manat ödəməli olacaq.
“Qarabağ”la matçda birbaşa qırmızı vərəqə alan Ruslan Cəfərov isə bir oyunluq cəzaya məruz qalıb. O, “Xəzər Lənkəran”ın 200 manat cərimələnməsinə səbəb olub. Bu qarşılaşmada meydan sahiblərinin azarkeşləri stadiona limon atıblar. Arenaya kənar əşya atmaları klubun 2000 manat cərimələnməsi ilə nəticələnib.
Qeyd edək ki, Topaz Premyer Liqasının 20-ci turunda “Qarabağ” “Xəzər Lənkəran”ı qəbul etmişdi və 3:0 hesablı qələbə qazanmışdı. Bu matçda meydan sahiblərinin azarkeşləri stadiona limon ataraq lənkəranlıları qıcıqlandırmışdı və bu, hər iki tərəf arasında narazılığa səbəb olmuşdu. Münasibətlərin gərginləşməməsi üçün meydana limon atan “İmarət” fan-klubu üzr istəyib, bəyanat yayıb.
Son xəbərlər
Son Xəbərlər