Su Ehtiyatları Agentliyi Salyan və Neftçalaya mediatur təşkil edib - Foto

su-ehtiyatlari-agentliyi-salyan-ve-neftcalaya-mediatur-teskil-edib
Oxunma sayı: 1524

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi Salyan və Neftçala rayonlarına mediatur təşkil edib.

"Qafqazinfo" xəbər verir ki, mediaturun təşkilində məqsəd 5 iyun su təsərrüfatı işçilərinin peşə bayramı günü olmasıdır. Belə ki, bu günü ənənəvi olaraq respublika ərazisində olan su təsərrüfatı obyektlərindən birində qeyd edən qurum bu dəfə mediaturu Neftçala -Salyan rayonlarına təşkil edib. Səbəb isə suvarmanın bu ərazilərdə çətin olmasıdır. Xüsusilə də Kürün suyunun azalması və dəniz suyunun Kürə qarışması məsələləri bu rayonları seçməyə səbəb olub.

İlk olaraq baxış Kürkənd nasos stansiyasına keçirilib.

Azərbaycan Meliorasiya və Su təsərrüfatı ASC-nin Suvarma şöbəsinin müdir müavini Qulu Kərimov məlumat verib ki, Salyan suvarma sistemləri idarəsinin balansında olan 29 nasos stansiyasından biri Kürkənd nasos stansiyasıdır. Qurum rəsmisi bildirib ki, bu nasos stansiyası Xurşud, Noxudlu və Kürkənd kəndlərini əhatə edən 2840 ha torpaq sahəsini su ilə təmin edir: "Kürkənd nasos stansiyası 1982-ci ildən fəaliyyət göstərir, 2022-ci ildə əsaslı təmir olunub. 2 aqreqatlı Kürkənd nasos stansiyası uzunluğu 16,2 km olan Ş kanalı altında olan 2840 ha əkin sahəsinə xidmət göstərir. Ümumi məhsuldarlığı 3,2 m3/san-dir".

Şöbə müdiri bildirib ki, Salyan Kürün mənsəbində yerləşdiyi üçün su təminatında müəyyən çətinliklər olur: "Zəruri tədbirlər nəticəsində əkin sahələrinin suvarılmasındakı bu çətinliklər aradan qaldırılır. Salyan rayonunda 46 min ha əkin sahəsi su ilə təmin edilir. 15 min hektar ərazidə taxıl bitkilərinin birinci və ikinci mərhələli suvarması başa çatdırılıb. 10 min hektar sahədə əkiləcək pambıq sahələri su ilə təmin edilir. Taxıl və pambıq bitkiləri ilə yanaşı, digər kənd təsərrüfatı bitkilərinin suvarılmasının da intensiv dövrüdür. Suvarma prosesi müvafiq templə davam etdirilir".

Qeyd edək ki, Kür çayının aşağı axınında suyun axınının tənzimlənməsi ilə bağlı tədbirlər 2022-ci ilin oktyabrın 25-də başlanılıb, 2023-cü ilin yanvarın 5-də isə yekunlaşıb.