Su şəbəkəsinə qoşulmaq üçün Vahid Pəncərə sistemi yaradılır

su-sebekesine-qosulmaq-ucun-vahid-pencere-sistemi-yaradilir
Oxunma sayı: 2425

Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın “Su şəbəkələrinə qoşulma” işçi qrupunun mayın 24-də keçirilən genişləndirilmiş iclasında su şəbəkəsinə qoşulma üzrə iqtisadi islahatlar, o cümlədən su təchizatı və kanalizasiya sistemlərinə qoşulma üçün Vahid Pəncərə sisteminin yaradılması barədə təqdimatlar keçirilib.

“Qafqazinfo” xəbər verir ki, Komissiya Katibliyinin rəhbəri Vüsal Şıxəliyev çıxışında Azərbaycan Respublikası Prezidentinin 2024-cü il 1 may tarixli Fərmanı ilə “Su təchizatı və tullantı suları haqqında” Qanunda dəyişikliklərin qüvvəyə minməsi nəticəsində su şəbəkəsinə qoşulma üzrə mühüm iqtisadi islahatın aparılmasının bu sahədə yeni inkişaf mərhələsinin başlanılmasına və biznes mühitinin əlverişliliyinin daha da artırılmasına böyük imkanlar yaratdığını bildirib.

Qeyd edib ki, yeni islahat nəticəsində qanunvericiliyin tələblərinə əsasən, su şəbəkəsinə qoşulma üzrə prosedurların sayı 13-dən 3-ə, qoşulma müddəti 60 gündən 30 günə endirilib, qoşulma xərcləri sahəsində şəffaf və aydın tənzimləmə mexanizmi ilə bağlı normativ hüquqi baza yaradılıb.

V.Şıxəliyev vurğulayıb ki, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin rəhbərlik etdiyi “Su şəbəkələrinə qoşulma” işçi qrupunun aidiyyəti dövlət qurumlarının nümayəndələri ilə birlikdə son iki il ərzində intensiv və səmərəli fəaliyyəti nəticəsində müvafiq Yol Xəritəsi uğurla icra olunub, yeni iqtisadi təşəbbüslərin hazırlanması, xüsusilə qanunvericiliyin daha da təkmilləşdirilməsi və asanlaşdırılması istiqamətində kompleks təkliflərin aidiyyəti üzrə təqdim olunması təmin edilib.

İşçi qrupunun rəhbəri, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinin müşaviri Etibar Məmmədov çıxışında işçi qrup daxilində koordinasiyalı fəaliyyətin təşkil olunduğunu, su şəbəkəsinə qoşulma üzrə həm qanunvericiliyin, həm də inzibatçılığın təkmilləşdirilməsi üzrə işçi qrupun 10-a yaxın iclasının, habelə çoxsaylı tematik iclas və görüşlərin keçirildiyini, qısa müddətdə aidiyyəti dövlət qurumlarının yaxından dəstəyi ilə müasir çağırışlara cavab verən iqtisadi islahat təşəbbüsü ilə bağlı təkliflər paketinin hazırlanaraq təqdim edildiyini diqqətə çatdırıb.

E.Məmmədovun sözlərinə əsasən, bu sahədə çox mühüm yenilik Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyində su təchizatı və kanalizasiya sistemlərinə qoşulma üçün Vahid Pəncərə sisteminin yaradılması, su şəbəkəsinə qoşulma ilə bağlı xidmət keyfiyyəti üzrə standartların hazırlanaraq qəbulu və tətbiqi, yeni elektron xidmətin formallaşdırılması, məlumatların əlçatanlığının təmin olunması, müasir idarəetmə əsasında aidiyyəti dövlət qurumları ilə inteqrasiyanın təmin edilməsidir.

Sonra qanunvericilikdə aparılan ən son dəyişikliklər, yeni anlayışlar və hüquqi tənzimləmələr, su şəbəkəsinə qoşulma üzrə müasir və çevik yanaşmanın tətbiqi ilə bağlı təqdimat olunub.

Eyni zamanda, iclasda tikinti obyektlərinin su təchizatı və kanalizasiya sistemlərinə qoşulması məqsədilə prosedurların sayı, müddətlər, icra olunacaq işlər, qoşulma üzrə yeni proseslər xəritəsi, ləğv olunan prosedurlar və günlər, habelə xərclərin azaldılması və Vahid Pəncərə sisteminə dair təqdimat keçirilib.

Tədbirin sonunda Dünya Bankı Qrupunun “Business Ready” layihәsinin “Kommunal xidmətlər “Su şəbəkəsinə” qoşulma” indikatoru ilə bağlı müvafiq sahədə təkmilləşmələrin həyata keçirilməsinə dair 2024-cü il üzrə Yol Xəritəsi, qarşıda duran hədəflər və müasir prioritetlər mövzusunda təqdimat təqdim edilib.

İclasda su şəbəkəsinə qoşulma üzrə rəy verən bütün dövlət qurumlarının nümayəndələri, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin məsul vəzifəli şəxsləri, işçi qrupuna üzv olan digər aidiyyəti qurumların, qeyri-hökumət təşkilatlarının nümayəndələri, sahibkarlar və media nümayəndələri iştirak ediblər.