Sudan qanunsuz istifadə hallarının qarşısı alındı - Fotolar

Sudan qanunsuz istifadə hallarının qarşısı alındı
Oxunma sayı: 1087

İçməli sudan qanunsuz istifadə hallarının aşkarlanması və aradan qaldırılması məqsədilə “Azərsu” ASC tərəfindən yaradılmış xüsusi qrupların araşdırmaları nəticəsində Tovuz rayonunda bəzi istehsal və xidmət obyektlərində içməli sudan qanunsuz istifadə edilməsinin, bağ və üzümlük sahələrinin suvarılmasının qarşısı alınıb.

“Qafqazinfo” xəbər verir ki, araşdırmalar zamanı məlum olub ki, Tovuz şəhərini içməli su ilə təmin edən 500 mm diametrli Zəyəmçay-Tovuz magistral su kəmərinə qeyri qanuni birləşmə verilib və buradan götürülən sudan üzümlüklər suvarılıb. 

Digər bağ sahəsinin su təchizatı sisteminə baxış keçirilərkən 3 ədəd su sayğacının quraşdırıldığı aşkarlansa da həmin sayğacların heç bir əhəmiyyət daşımadığı məlum olub. İbrahimhacılı kəndində isə yeni salınmış meyvə bağının suvarılması üçün yüksək təzyiqli magistral su kəmərindən qanunsuz birləşmə verilib. Zəyəmçay-Tovuz magistral kəmərinin Dondar Quşçu kəndi ərazisindən keçən hissəsində yaranan axıntı hesabına göl yaradılıb və nasoslar vasitəsilə həmin sudan suvarmada istifadə olunub.

Araşdırmalar nəticəsində Tovuz şəhərində dəyirmanda, avtoyuma və avtoservis məntəqəsində, kafe, çayxana, çörək, ət kəsimi, tamet sexlərində içməli sudan sayğacdankənar və qanunsuz istifadə halları aşkar edilərək həmin obyektlərin su təchizatı dayandırılıb. Eyni zamanda heç bir müqavilə bağlamadan və abonent kimi qeydiyyata düşməyən bəzi fərdi yaşayış evlərinin də içməli sudan qanunsuz istifadə etməsinin qarşısı alınıb.

Aşkarlanmış hər bir fakt üzrə zəruri tədbirlər görülüb, özbaşına çəkilmiş xətlər və qoşulmalar ləğv edilib. Sudan İstifadə Qaydalarının tələblərinə uyğun olaraq qanunsuz istifadəyə görə dəymiş ziyan hesablanıb. 

Qeyd edək ki, 2021-ci ildə içməli sudan qanunsuz istifadə ilə bağlı 14564, fakt aşkarlanıb və 4 mln 147 min kubmetr həcmində sərfiyyat bərpa olunub. Ötən il sudan qanunsuz istifadə ilə bağlı 200-dək fakt araşdırılması üçün hüquq-mühafizə orqanlarına təqdim olunub.