Sumqayıt-Bakı sürət qatarı qadını vurub öldürdü

sumqayit-baki-suret-qatari-qadini-vurub-oldurdu
Oxunma sayı: 2993

Sumqayıt-Bakı sürət qatarı piyadanı vuraraq öldürüb.

“Qafqazinfo”nun verdiyi xəbərə görə, hadisə fevralın 13-də səhər saat 07 radələrində Xırdalan şəhəri ərazisində qeydə alınıb.

Xırdalan sakini, 1978-ci il təvəllüdlü Abbasova Roza Maşallah qızı "Çexkalon" adlanan ərazidə qatar relsinin üzəri ilə işə gedən zaman Sumqayıtdan Bakıya gələn "Ştabler" markalı sürət qatarı onu vurub və qadın hadisə nəticəsində vəfat edib.

Faktla bağlı Abşeron Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 262.2-ci (Dəmir yolu, su və ya hava nəqliyyatının hərəkət təhlükəsizliyi və istismarı qaydalarını pozma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olma) maddəsilə cinayət işi başlanıb, istintaq tədbirləri davam etdirilir.

***

Hadisəyə Azərbaycan Dəmir Yolları QSC-nin Mətbuat Xidmətinin rəhbəri Sevinc Qədirova da münasibət bildirib.

S. Qədirova “Qafqazinfo”ya açıqlamasında qeyd edib ki, 12 fevral 2019-cu il səhər saat 07:28-də Sumqayıt-Bakı marşrutu ilə hərəkət edən elektrik qatarı Xırdalan stansiyasının girişində dəmir yolunu müəyyən edilməmiş yerdən keçən Xırdalan şəhər sakini, 1978-ci il təvəllüdlü Abbasova Roza Maşallah qızını vurub:

“Hadisə nəticəsində R. Abbasova dünyasını dəyişib. Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır”.