Sumqayıt-Yalama dəmir yolunun daha bir hissəsi yenidən quruldu - Fotolar

sumqayit-yalama-demir-yolunun-daha-bir-hissesi-yeniden-quruldu
Oxunma sayı: 1937

Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizinin önəmli hissəsi olan Sumqayıt-Yalama dəmir yolunun daha bir sahəsi yenidənqurmadan sonra istifadəyə verilib. 2022-ci ilin fevral ayında Sumqayıt-Sitalçay istiqamətində yolun yenidən qurulan hissəsində qatarların hərəkətinə başlanılıb.

“Azərbaycan Dəmir Yolları” QSC-dən “Qafqazinfo”ya verilən məlumata görə, ikixətli Sumqayıt-Yalama dəmir yolunda yenidənqurma işləri daşımalarla bərabər mürəkkəb texniki uzlaşdırma şəraitində aparılır. Yolun bir xətti yenidən qurularkən digərində qatarlar hərəkət edir. 31,4 km-lik Sumqayıt-Sitalçay sahəsində yeni inşa edilən xəttin istifadəyə verilməsindən sonra ikinci xəttin də yenidən qurulmasına start verilib.

Bu sahə Sumqayıt-Yalama dəmir yolunun istifadəyə verilən sayca ikinci hissəsidir. Ötən ilin dekabrında Şabran-Çarxı istiqamətində layihə çərçivəsində ilk 23 km dəmir yolu xətti yenidən qurularaq hərəkətə açılıb.

Sumqayıt-Yalama dəmir yolu Azərbaycanın tranzit-logistika potensialının gücləndirilməsində önəmli rol oynayan Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizinin reallaşdırılması istiqamətində görülən tədbirlər çərçivəsində yenidən qurulur.

Bu günədək yolun 65 km-lik hissəsində yeni rels-şpal şəbəkəsi quraşdırılıb, onun 54,4 kilometri ilkin hərəkətə açılıb. Ümumilikdə isə yenidənqurma işlərinin 25,62 faizi artıq tamamlanıb.

Hazırda texnoloji ardıcıllığa uyğun olaraq tikinti-quraşdırma işləri davam etdirilir.