Bu gün Sumqayıtda İqtisadiyyat Nazirliyinin tabeliyində Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin “Kiçik və Orta Biznesin Dostu” (“KOB Dostu”) fəaliyyətə başlayıb.
“Qafqazinfo”nun məlumatına görə, bununla bağlı keçirilmiş tədbirdə Agentliyin İdarə Heyətinin sədri Orxan Məmmədov“KOB Dostu” konsepsiyası, kiçik və orta sahibkarlara göstərilən xidmətlər barədə məlumat verib.
Vurğulanıb ki, hazırda ölkənin 11 rayon və şəhərində 14 “KOB Dostu” fəaliyyət göstərir. KOB dostları mikro, kiçik və orta biznes subyektlərinin təşəbbüslərinin, potensial imkanlarının müəyyən edilməsi və reallaşdırılması, yeni KOB subyektlərinin yaradılması və inkişafının bütün mərhələlərində, eləcə də sahibkarların hüquqlarının müdafiəsi istiqamətində KOB-lara dəstək göstərən mexanizmdir.
Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov özəl bölmənin inkişafı istiqamətində Sumqayıtda həyata keçirilən tədbirləri diqqətə çatdırıb, digər dövlət dəstəyi mexanizmləri kimi, “KOB Dostu”nun da sahibkarlıq fəaliyyətinin genişlənməsində və biznesə yeni başlayanlar üçün əhəmiyyətli olacağını vurğulayıb.
Sonra tədbir iştirakçıları Sumqayıtda Heydər Əliyev Mərkəzində yerləşən “KOB Dostu”nun ofisi ilə tanış olublar.
Son xəbərlər
Son Xəbərlər