Sumqayıtda külli miqdarda raket mərmisi tapıldı - Foto

sumqayitda-kulli-miqdarda-raket-mermisi-tapildi
Oxunma sayı: 3388

Baş Prokurorluq və FHN Sumqayıt ərazisində silah-sursat aşkarlanması barədə birgə məlumat yayıb.

“Qafqazinfo” Prokurorluğun Mətbuat xidmətinə istinadən xəbər verir ki, FHN-in “112” qaynar telefon xəttinə Sumqayıt şəhəri, Hacı Zeynalabdin Tağıyev qəsəbəsində hərbi sursatın aşkar edilməsi barədə məlumat daxil olub. Məlumatla əlaqədar dərhal FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin (XRXX) minalardan təmizləmə üzrə çevik qrupu hadisə yerinə cəlb edilib.

Hüquq-mühafizə orqanlarının əməkdaşları ilə birgə ərazidə müvafiq təhlükəsizlik tədbirləri görüldükdən sonra hadisə yerinə baxış zamanı aşkar edilmiş sursatın 88 ədəd 56mm-lik raket mərmisi, 1 ədəd 70mm-lik raket mərmisi, 6 ədəd 122mm-lik OF-56 top mərmisi, 1 ədəd 152mm-lik OF-29 top mərmisi, 1 ədəd 125mm-lik OF-26 tank mərmisi, 5 ədəd BM-15 tank mərmisi və 1 ədəd 82mm-lik minaatan mərmisi olduğu müəyyən edilib.

Sursatlar XRXX-nin çevik qrupunun mütəxəssisləri tərəfindən zərərsizləşdirilməsi üçün ərazidən götürülərək kənarlaşdırılıb.

Hadisə yerində və ona yaxın ətraf ərazidə əlavə axtarış zamanı başqa hər hansı təhlükəli və ya şübhəli əşya aşkar edilməyib.

Hazırda faktla bağlı araşdırma aparılır.