Sumqayıtda 3 saylı sərnişin avtobusu TIR-la toqquşub.
“Qafqazinfo” xəbər verir ki, hadisə zamanı 11 nəfər xəsarət alıb.
TƏBİB-dən saytımıza verilən məlumata görə, Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Sumqayıt şəhəri ərazisindən saat 16:48 radələrində yol-nəqliyyat hadisəsi baş verməsi səbəbilə çağırış daxil olub.
Dərhal çağırış ünvanına 4 təcili tibbi yardım briqadası cəlb olunub. Baş verən yol-nəqliyyat hadisəsi ilə bağlı 12.07.2024-cü il tarixində saat 17:20 radələrindən başlayaraq Sumqayıt Tibb Mərkəzinin Təcili Yardım Xəstəxanasına 11 nəfər (7-si kişi cinsli, 4-ü qadın cinsi olmaqla) yerləşdirilib.
Hazırda 1 nəfərin vəziyyəti ağır, digərlərinin vəziyyəti isə orta ağır qiymətləndirilir.
***
Hadisə ilə bağlı Baş Dövlət Yol Polisi İdarəsi də məlumat yayıb.
Bildirilib ki, bu gün saat 17:00 radələrində Bakı-Quba yolunun 35-ci km-də "İsuzu" markalı 50-AE-781 nömrə nişanlı avtobusun sürücüsü yolun hərəkət hissəsində sürəti azaldaraq dayanmaq istəyib və bu zaman arxadan hərəkət edən "Mercedes Axor" markalı 77-XX-463 nömrə nişanlı yük avtomobili onunla toqquşub. Hadisə nəticəsində həyatını itirən olmayıb, avtobusda olan 12 nəfər sərnişinə ilkin tibbi yardım göstərilib.