İyunun 9-da Sumqayıt şəhərində Abşeron – Xızı Regional Təhsil İdarəsinə tabe bölgələrin bir qrup ibtidai sinif müəllimi ilə sertifikatlaşdırma prosesinə dair məlumatverici görüş keçirilib.
Təhsil Nazirliyindən “Qafqazinfo”ya verilən məlumata görə, görüşdə millət vəkilləri, Sumqayıt şəhər, Abşeron və Xızı rayonları üzrə ümumi təhsil müəssisələrində çalışan direktor və ibtidai sinif müəllimləri iştirak edib.
Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov görüşün faydalılığına toxunub və bu cür məlumatverici xarakter daşıyan görüşlərin davamlı olacağını qeyd edib.
Qiymətləndirmədə yeni alət olan sertifikatlaşdırmanın mahiyyəti və məqsədi barədə danışan Nazirliyinin İnsan resursları şöbəsinin müdiri Eşqi Bağırov qeyd edib ki, bu prosesdə əsas məqsəd müəllimlərin peşəkarlıq səviyyəsinin və peşə yararlığının yoxlanılmasıdır.
Millət vəkili Ceyhun Məmmədov bildirib ki, beynəlxalq təcrübədə sürətli tendensiyalar baş verir, dünyada təhsilə baxış dəyişir, müəllimlərin bilik və bacarıqları davamlı olaraq yoxlanılır. Bu baxımdan müəllimlər öz üzərində işləməlidirlər.
Təhsil İnstitutunun direktoru Rüfət Əzizov rəhbərlik etdiyi qurum tərəfindən müəllimlərin sertifikatlaşdırılması ilə bağlı hazırlanan çərçivə sənədi və həyata keçirilən vebinarlara dair məlumat verib.
Sonda görüş iştirakçılarının çoxsaylı sualları cavablandırılıb.








Son xəbərlər
Son Xəbərlər