““Sumqayıt”la çətinlik yaşayırıq” - Qurban Qurbanov

sumqayitla-cetinlik-yasayiriq-
Oxunma sayı: 1169

Azərbaycan Kubokunun 1/4 final mərhələsinin ilk oyunu çərçivəsində keçirilən "Qarabağ" - "Sumqayıt" görüşündən sonra meydan sahiblərinin baş məşqçisi Qurban Qurbanov mətbuat konfransı keçirib.

“Qafqazinfo” sport7.az-a istinadən xəbər verir ki, təcrübəli mütəxəssis “Sumqayıt”la oyunlarının ağır keçdiyini etiraf edib.

- Kubok oyunları çempionat qarşılaşmalarından fərqlənir. Burda nəticə istəyirsənsə, hər oyuna konsentrasiya olmalısan. Ciddi və ağıllı komandaya qarşı oynayırdıq. Fərqli oyun üslubunda çıxış edirlər. Onlara qarşı hər dəfə çətinliklər yaşayırıq. Düşünürəm ki, maraqlı oyun alındı. Doğrudur, ilk yarıda sürət bir o qədər də yüksək deyildi, amma fasilədən sonra zənnimcə, daha məzmunlu futbolun şahidi olduq.

- Fasilədə nə dəyişdi ki, ikinci hissədə daha çox qol epizodu yarada bildiniz?

- Dəyişən bir şey yoxdu. Sadəcə, oyun dəst-xəttimizi qoruduq. Qol 90-cı dəqiqədə də gələ bilər. Daha bir məqam müdafiədə inamlı oynamağımız idi.

- Samir Abbasov hakimlikdən narazılıq bildirdi. Topun Qara Qarayevin əlinə dəydiyini iddia edirdi...

- Epizodu görməmişəm. Təkrara baxdıqdan sonra qəti fikir bildirə bilərəm.

- Rahidin zədəsi ciddidi?

- Köhnə zədəsi baş qaldırıb. Hələ ki, tam diaqnoz qoyulmayıb.

- 3 gündən sonra "Zirə"ylə çətin oyununuz var. Heyətdəki rotasiyalar bununla əlaqədar idi?

- 3 gün əvvəl "İnter"lə ağır oyunumuz olmuşdu. Futbolçuların bəzilərinə istirahət verməyi buna görə qərara almışdım.